"Məncə, bu qarşılaşmada Ukrayna yığması daha məsuliyyətli oynayacaq". Bu sözləri Sport24.az-a açıqlamasında "Keşlə"nin (hazırkı "Şamaxı") sabiq ukraynalı baş məşqçisi Yuri Maksimov deyib.

56 yaşlı mütəxəssis DÇ-2026-nın seçmə mərhələsində bu gün baş tutacaq Ukrayna - Azərbaycan oyunu haqqında fikirlərini bölüşüb:

"Ukrayna millisi İslandiya məğlub etdikləri (5:3) matçdan sonra bir az rahatlaşıb. İlk qarşılaşmada Fransaya uduzdular, ardınca Bakıda Azərbaycanla heç-heçə etdilər. Sonra isə qalib gəldilər. Artıq kollektivdə əhval-ruhiyyə yaxşıdır. Düşünürəm ki, onlar İslandiya ilə matçdan sonra daha məsuliyyətli, hazırlıqlı olacaqlar".

Maksimov bu qarşılaşmada həmyerlilərini favorit hesab edib:

"Şanlar 60-ın 40-a, bəlkə də 70-in 30-adır. Ukrayna qalib gəlmək əzmində olacaq. Çünki başqa seçim yoxdur. Onlar qarşıya qoyulan məqsədi yerinə yetirməlidirlər. Ona görə milli bu matçı qazanmağa çalışacaq".

Qeyd edək ki, bu gün Krakovda keçiriləcək Ukrayna - Azərbaycan oyunu saat 22:45-də başlayacaq.