"Olimpiakos" qrupda ilk 2 oyunda da məğlub olub. Buna görə düşünürəm ki, "Qarabağ"la bugünkü oyuna son şans gözüylə baxaraq çox yüksək motivaisya ilə çıxacaq. Həm də evdə çıxış edir. istəyir qrupda nəhayət, xal qazansın. Bu üzdən "Qarabağ"ı ağır oyun gözləyir Yunanıstanda". Bu fikirləri Sport24.az-a açıqlamasında "Qarabağ"ın sabiq futbolçusu Rahid Əmirquliyev deyib.

O, keçmiş komandasının Avropa Liqasının qrup mərhələsinin növbəti matçını keçirəcəyi Yunanıstanda çox çətin sınaq qarşısında olacağını düşünür: "Həm də "Olimpiakos" yaxşı bir komandadı. Heyətində güclü futbolçuları var, xeyli transfer edib. Bu baxımdan çətin olacaq çempionumuza. Ancaq "Qarabağ" "Frayburq"a uduzduğu, "Nant"ı böyükhesabla məğlub etdiyi matçlarda sübut etdi ki, istədiyi komandaya qarşı oynaya bilər. Buna görə fikrimcə, Yunanıstan səfəri nə qədər ağır olsa da, "Qarabağ" yaxşı nəticəylə evə qayıdacaq. Bunun qələbə olacağına inanıram, ən azından isə 1 xal".

Rahid vaxtilə "köhlən atlar"ın heyətində yunanlara qarşı nəinki oynayıb, qol da vurub. Bu, məhz Avroliqanın qrup mərhələsində PAOK-la qrup matçıdı ki, Bakıda 6 il əvvəl 2:0 hesabıyla qələbə qazandığımız bu görüşdə Əmirquliyev son nöqtəni qoyub: "Həmin oyunu indiyədək yaxşı xatırlayıram. "Qarabağ"ın heyətində avrokuboklarda ilk qolum idi. Buna görə çox yaxşı yadımdadı həmin matç. Bundan sonra isə "Qarabağ"da xeyli dəyişiklik olub. Çox vaxt keçib ondan. Bu üzdən o oyun başqa, "Olimpiakos"la qarşılaşma başqa. "Qarabağ"a uğurlar arzulayıram. Dediyim kimi, Yunanıstandan yaxşı nəticəylə dönəcəyinə inanıram".

33 yaşlı Əmirquliyev Yunanıstanda da start heyətində meydana çıxıb. O, ordakı atmosferdə çıxış etməyin heç də olmadığını vurğulayır: "Əlbəttə, Yunanıstanda oynamaq başqa bir hissdi. Düzdür, ordakı oyunda da udmuşduq. Baxmayaraq ki, doğma komandaları uduzurdu, azarkeşləri onu axıradək dəstəkləyirdilər. Ümumiyyətlə, yunan azarkeşlər çılğındırlar və tam başqa bir ab-hava yaradırlar stadionda. Bu amilin də "Qarabağ"ı çox təsiri ola bilər. Çünki rəqibi hesabdan asılı olmayaraq 90 dəqiqə dəstəkləyəcək fanatlar qarşısında oynamalı olacaq təmsilçimiz. Amma digər tərəfdən, "Qarabağ"ın Avropa təcrübəsi var, böyükdü və belə baxanda, ona mane olmamaladı. Sadəcə, Yunanıstan klublarının azarkeşləri çılğınlıqları, sonadək dəstək vermələri ilə seçilirlər".

Xatırladaq ki, "Qarabağ" Yunanıstanın Saloniki şəhərindəki həmin oyunda minimal hesablı qələbə qazanmışdı.

 

 

MEHMAN SÜLEYMANOV