"Qəbələ" Misli Premyer Liqasının VIII turunda doğma meydanda "Sabah"a 0:4 hesabı ilə uduzub. Sport24.az xəbər verir ki, "qırmızı-qaralar"ın baş məşqçisi Yeton Bekiri matçdan sonra keçirulən mətbuat konfransında jurnalistlərin suallarını cavablandırıb:
- Oyuna yaxşı başlamışdıq. Birinci hissədə qol epizodlarımız oldu, lakin dəyərləndirə bilmədik. Birinci hissənin son saniyələrində standart vəziyyətdən qol buraxdıq. İkinci hissədə səhvlərə yol verdik. Son 15 dəqiqədə 3 qol buraxdıq. Bir neçə oyunçumuz bu gün yox idi. Müdafiədə yaxşı oynaya bilmədik.
- 2 oyunda komandanınz 8 qol buraxıb. Problemin səbəbi nədir?
- Son iki matçda müdafiədə pis oynamışıq. Amma sırf hansısa mövqeni və ya oyunçunu günahlandırmayacam. Bu, komandanın səhvidir. Komanda şəklində bunları düzəltməyə çalışacağıq. Görüləsi işlərimiz çoxdu. Futbolçuların düşüncə tərzini dəyişmək lazımdır ki, həm müdafiədə yaxşı oynasınlar, həm də qol vursunlar.
- Ardıcıl iki ağır məğlubiyyətdən sonra komanda "Araz-Naxçıvan"la matç ərəfəsində necə toparlanacaq?
- Heç bir oyun asan deyil. Qalib gəlməyə çalışacağıq. "Araz-Naxçıvan"ın oyununa baxmışam. Yaxşı komandadır. Ümumiyyətlə Azərbycan Premyer Liqasında bütün komandalar yaxşıdır, çempionatın keyfiyyəti yüksəkdir.