"Qarabağ" yay transfer dönəmində məqsədyönlü və düşünülmüş fəaliyyət göstərən klublardan biri kimi diqqət çəkir.
Ağdam təmsilçisi heyəti tərk edən futbolçuların yerini doldurmaqla kifayətlənməyib, eyni zamanda bir neçə mövqeyə keyfiyyətli oyunçular cəlb etməyi bacarıb.
Qapıçı Martin Zlomisliç, müdafiəçi Bruno Lanqa, yarımmüdafiəçi Jali Muaddib, eləcə də hücum xətti üçün Zakaria Savo və Samuel Lobatonun transferi komandanın bütün xətlər üzrə gücləndiyini göstərir. Klub rəhbərliyi və məşqçilər korpusu heyətin balansını qorumaqla yanaşı, rəqabəti də artırmağa nail olub. Xüsusilə Avropa arenasında uğurlu çıxış üçün geniş və keyfiyyətli heyətin vacibliyini nəzərə alsaq, bu transferlərin hər birinin müəyyən ehtiyaclara uyğun həyata keçirildiyi görünür.
Bəli, Toral Bayramov, Emmanuel Addai, Kevin Medina, Sami Mmae, Ramil Şeydayev və digər futbolçuların gedişi müəyyən itkilər hesab oluna bilər. Xüsusilə uzun illər komandanın əsas simalarından olan bəzi oyunçuların ayrılması müəyyən suallar yaratsa da, transfer bazarında atılan addımlar göstərir ki, "Qarabağ" bu boşluqları doldurmaq üçün vaxtında və düzgün qərarlar verib. Üstəlik, Pedro Bikalyo və Bədavi Hüseynovla müqavilələrin uzadılması da sabitliyin qorunması baxımından vacib addımdır.
Son illərdə Azərbaycan futbolunun Avropadakı əsas təmsilçisi məhz "Qarabağ" olub. Klub artıq elə bir səviyyəyə yüksəlib ki, azarkeşlər və futbol ictimaiyyəti hər mövsüm komandadan qitə turnirlərinin əsas mərhələsində iştirak gözləyir. Qarşıdakı mövsümdə də əsas hədəf UEFA Avropa Liqasının liqa mərhələsinə vəsiqə qazanmaqdır. Hazırkı heyət və transfer siyasəti göstərir ki, bu məqsəd heç də əlçatmaz deyil.
Yeni futbolçuların əksəriyyəti Avropa təcrübəsinə malikdir və müxtəlif çempionatlarda özlərini sübut etməyi bacarıblar. Bu da onların adaptasiya prosesini sürətləndirə və komandanın gücünə qısa müddətdə təsir göstərə bilər. Əgər transferlərdən gözlənilən fayda alınarsa, "Qarabağ" təkcə Avropa Liqasının əsas mərhələsinə yüksəlmək deyil, orada rəqabətədavamlı çıxış etmək potensialına da sahib olacaq.
Üstəlik, klubun transfer çalışmalarını başa çatdırdığını da söyləmək olmaz. Yayılan söz-söhbətlərə əsasən, "Qarabağ" yay "transfer pəncərəsi" bağlanana qədər daha bir neçə futbolçu ilə heyətini gücləndirməyi planlaşdırır. Bu isə o deməkdir ki, komandanın hazırkı potensialı son hədd deyil və qarşıdakı həftələrdə heyət daha da güclənə bilər. Xüsusilə bəzi mövqelərdə alternativlərin artırılması və rotasiyanın genişləndirilməsi Avropa kuboklarının sıx təqvimi baxımından böyük əhəmiyyət daşıyır.
Qurban Qurbanovun rəhbərliyi altında formalaşan sistem uzun illərdir öz effektivliyini sübut edir. Klub rəhbərliyinin transfer siyasəti də göstərir ki, "Qarabağ" qısamüddətli nəticələrdən daha çox, davamlı uğur modelinə üstünlük verir. Məhz buna görə də Ağdam təmsilçisinin bu yay gördüyü işlər nikbinlik yaradır.
Görünən odur ki, "Qarabağ" növbəti mövsümə təsadüfi deyil, konkret hədəflərlə hazırlaşır. Yay transfer dönəmində görülən işlər, heyətin keyfiyyətinin artırılması və gözlənilən yeni transferlər fonunda Azərbaycan çempionunun UEFA Avropa Liqasının əsas mərhələsinə yüksəlmək üçün kifayət qədər güclü imkanlara sahib olduğunu söyləmək olar.