"Növbəti dəfə milliyə dəvət aldığım üçün çox sevinirəm". Bu sözləri Sport24.az-a Azərbaycan yığmasının futbolçusu Xəyal Əliyev deyib.

O, komandanın iyunun 7-də Riqada Latviya, bundan 3 gün sonra isə Bakıda Macarıstan yığmasına qarşı keçirəcəyi yoldaşlıq oyunları ilə bağlı fikirlərini bölüşüb:

"Şans veriləcəyi təqdirdə özümü yaxşı tərəfdən göstərmək niyyətindəyəm. Bu matçlarda qələbə qazanmaq istəyirik. Yoldaşlıq görüşləri də olsa, hədəfimiz budur".

Əliyev öz karyerası ilə bağlı da danışıb: "Bu mövsüm mənim üçün uğurlu alındı. İlk dəfə milliyə dəvət aldım. "Sabah"la Azərbaycan Kubokunu qazandım. Bunlar üçün çox sevincliyəm".

O, karyerasını ölkə xaricində davam etdirmək istəyinin də olduğunu söyləyib: "Xaricindən təklifin olduğunu bilmirəm. Olsa, yəqin ki, gedərəm. Hədəflərimiz çoxdur. İnşallah, hamısına nail olacağıq".