İkinci Qarabağ Müharibəsində idmana bağlı olanlar da iştirak etdi-  klub funksionerimiz də, klub məşqçimiz də, idman jurnalistlərimiz də, futbol hakimimiz də. Sonuncuya Kamal Umudlu aiddi. 26 yaşlı referimiz Sport24.az-a müsahibəsinə döyüşə necə yollanmasıyla başladı. 

 

- Ölkəmizdə qismən səfərbərlik elan olunandan sonra könüllü olaraq əsgər kimi xidmətə yollandım. Sentyabrın 30-da hərbi komissarlığa zəng vurdum. Haqqımda lazımı məlumatları aldılar və dedilər ki, hərbi biletimi götürərək onlara yaxınlaşım. Bu, elə həmin gün oldu, sonra da artıq bizi hərbi hissəyə göndərdilər. Ali təhsilliyəm, Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasını bitirmişəm. 2016-17-ci illərdə artilleriya - baş tuşlayıcı ixtisası üzrə Goran qəsəbəsində hərbi xidmətdə olmuşam. 

 

- Könüllü olaraq döyüşlərə getmək qərarında həlledici amil nə oldu?

- Bəli, məni zəng vurub çağırmamışdılar, öz təşəbbüsümlə cəhbəyə getdim. Yaxın dostlarım var ki, onlar səfərbərlikdən sonra hərbi xidmətə çağırmışdılar. Aralarında biri uşaqlıq dostum idi. Həm bu amil vardı, həm də özümə borc bildim Vətənin müdafiəsinə yollanmağı. Artıq canım rahat deyildi, hər an fikrimdə var idi ki, müharibə başlayıb, orda qardaşlarımız, yaxın dostlarım var, ancaq özüm orda deyiləm. Kimsə əlini daşın altına qoymalı idi. Özümə bu yolu seçdim Ana Vətənə borcumu qaytarmaq üçün.

 

- 44 günlük tarixi zəfərdə döyüş yolunu bizə canlandırardın...

- İxtisasımız olan artilleriya nə qədər öndə olsa da, yenə arxadı. Şükür Allaha, bizdə o qədər itkilər olmadı. Döyüşlərimiz demək olar tamamlama məntəqələrində keçdi. İlk olaraq Goranboy rayonuna getdik, orda Ballıqaya adlanan bir ərazi var. Həmin məkanda hərbi geyimlərlə tam komplektləşəndən sonra bizi göndərdilər Bərdə rayonuna. Orda təlimlərimiz oldu və bundan sonra bizi Mingəçevirə yolladılar. Döyüşlərin qızğın fazasında demək olar iştirak etmədik. Daha sonra Goran qəsəbəsində olduq. Onu deyim ki, Goranboydan çıxdığımız günün səhəri olduğumuz ərazi düşmən tərəfindən raketlə vuruldu. Bundan sonra gəldik Bərdəyə, bir həftəyə yaxın qaldıq orda. Bilirdik ki, bu hissə də vurulacaq və qısa müddət ərzində ordan da çıxdıq. Həmin gün səhər 6-da ora da vuruldu. Bundan sonra tamamlama məntəqəmiz köçürüldü Mingəçevirə. Çox yaxın döyüşçü dostlarımızdan biri itkin düşüb, hələ də heç bir xəbər yoxdu ondan. Şəhidlərimiz, qazilərimiz də oldu. 

 

- Müasir müharibənin əsas gücü artilleriya sayılır deyə bilərikmi?

- Onu deyim ki, Qarabağ uğrunda döyüşlərdə əsas güc Xüsusi Təyinatlı Qüvvələrimizə düşdü. Təbii ki, bu hərbi əməliyyatlarda hər bir kəsin böyük əməyi, uğuru var idi. Ancaq xüsusi təyinatlarımız, kəşfiyyatımız və artilleriyamız əsas qüvvə məbələrimiz oldu. Mənə görə döyüşün döyünən ürəyi idilər. Həm artilleriyamızın, həm də PUA-larımızın (Pilotsuz Uçuş Aparatları - müəllifş) dəqiq atəşləriylə döyüşlərimiz aparıldı. Ancaq eyni zamanda döyüşdə qələbə qazanmağımız əsas səbəblərdən biri də xalqda olan birlik oldu. Çünki öz ətrafımdan deym ki, orda hər peşədən, təbəqədən insan var idi. Çox zaman deyirlər ki, döyüşlərə kasıblar gedir, filan - belə bir mif yaranıb insanlarda. Ancaq bu, həqiqət deyil. Ətrafımızda yüksək vəzifələrdə, dövlət strukturlarda, nazirliklikdə, BP şirkətində işləyən şəxslər var idi. Yəni, cürbəcür ixtisaslı, hər yerdən könüllü gələn insanlar vardı orda. Gördüyüm mənzərə şəxsən mənə onu göstərdi ki, xalqa olan bu birlik idi bizə qələbəni yaşadan.

 

- Futbol matçında meydanda əsas söz sahibi hakim olur. Bəs müharibədə hakim kimdi?

- Bu müharibədə əsas vəzifəni öz üzərinə götürən Ali Baş Komandamız oldu. Həmçinin eyni zamanda onun timsalında komandanlar. Onların hamısının birgə uğurlu idarəçiliyi əsasında bu qələbə oldu. Futbolla götürsək, orda meydanda idarəçilik hakimdə olur, bir nəfər bütün oyunu idarə edirsə, müharibədə tam bu prinsip idi - bütün taktiki gedişlər, hücumlar bir şəxs tərəfindən idarə olunurdu. 

 

- Ölümlə üz-üzə qaldığınız ən real an?

- Bərdədən çıxdığımız zamanı artıq bilirdik ki, buranın koordinatları bilinir və bura vurulacaq. Çıxandan qısa müddət sonra bunun baş verməyi ilə tək məndə yox, hamıda bir fikir vardı ki, bəlkə də bir az gec çıxsaydıq, hamımız şəhid olacaqdıq. Yəni, hər bir şəxs o pilləyə yüksələcəkdi.

 

- Qorxu yox idi, hamı şəhidlik zirvəsinə yüksəlməyi arzulayırdı...

- Təbii ki. Ancaq belə bir şey də deyim -  müharibədə kimsə deyirsə qorxmuram, səmimi deyil mənim üçün bu fikir. Düşünmürəm ki, kiminsə ürəyində qorxu heç olmasın. Bunu kim deyirsə, inanmıram. Axı, hər bir şəxsin arxasında kimlərsə gözləyəni, hamının gələcək üçün planları var. Kimsə nələrisə itirəcək. Ancaq yenə bir fikir var hamıda - Vətən sevgisi. Bu, olmayanlar, qorxusu olanlar o döyüşlərdə ola bilməzdi.  Eyni zamanda onu deyim ki, artıq noyabrın 9-u idi və tamamlama mərkəzimizdə olarkən bizə komanda verildi ki, bu gecə hamı hazır olsun, ordumuz böyük bir hücuma hazırlaşır. Və artıq hücum da başlamışdı. Ancaq sizə də məlum olduğu kimi, ertəsi - noyabrın 10-da sülh müqaviləsi olduğuna görə hücum dayandırıldı və müharibə qələbəmizlə başa çatdı.

 

- Futbol camiəmizdən maddi və mənəvi planda hansı dəstəyi gördün müharibədə olduğun müddətdə?

- Kolleqalarım sağ olsun, hamısından dəstək gördüm. Ancaq tək hakimlər yox, Hakimlər Komitəsi, AFFA rəhbərliyi mənə böyük dəstək oldu. Bu müddət ərzində hər biri mənimlə əlaqə saxladı ki, buna görə onlara təşəkkürümü bildirirəm. Mediadan da bəzi şəxslər var idi ki, mənimlə mütəmadi əlaqə saxlayırdılar. Onlar da sağ olsunlar, bir-bir ad çəkməyəcəm. AFFA-nın tərkibində olan şöbələrdən də əlaqə saxlayanlara minnətdarlığımı çatdırıram. Təbii ki, AFFA tərəfindən döyüşlərin getdiyi bu 2 ay ərzində yardım oldu. "Facebook"dakı şəxsi səhifəmdə müraciətimdə bunu vurğuladım, saytınız vasitəsilə də bir daha təşəkkürümü çatdırıram. Müharibə bitdikdən, evə qayıtdıqdan sonra sağ olsunlar, AFFA-nın icraçı vitse-prezidenti və baş katibi Elxan Məmmədovla mətbuat xidmətinin rəhbəri Firuz Abdulla, mənimlə əlaqə saxladılar. Bunu eyni zamanda komitə rəhbərimiz etdi. Problemlərimiz haqda danışdıq, diqqətdə saxlanıldım. 

 

- Məlumdur ki, hakimlər başqa peşəylə də məşğul olur. Yəni, hakimlik daimi iş yeri olmur. Bəs, səndə necədi?

- Məndə hal-hazırda heç bir iş yoxdu. Özüm prinsip olaraq sırf hakimliyi əsas iş kimi seçmişəm. Təbii ki, bu yolda qarşıya qoyduğum böyük məqsədlər var və buna çatmaq üçün də istəyirəm bütün fikrimi bu sahəyə yönəldim. Başqa işdə çalışırıqsa, təbii ki, fikrimiz orda da olacaq. Ancaq istəyirəm seçdiyim hakimlikdə olan bu pillənin heç olmasa yarısından artığına yüksəlməyi bacarım ki, artıq bundan sonra özümə ikinci bir iş seçə bilərəm. 

 

- Hakimlik karyeranda arxada qalan qısa müddətdən nə dərəcədə razı qalmısan və ən əsası, sahənizdə ən yüksək zirvə olan FİFA referiliyinə yüksəlməyi nə dərəcədə real sayırsan yaxın gələcəkdə?

- 3-cü ildi Premyer Liqadayam. İlk ilimdə 2 oyun idarə etdim, ötən mövsüm 9 matç. Bu mövsüm də 2 qarşılaşmada baş hakim oldum və bundan sonra müharibəyə yollandım. Düşünməzdim ki, bunadək hakimliyim uğursuz olub. Bacardığım qədər ədaləti təmin edim - hər zaman ilk növbədə buna çalışmışam. Təbii ki, səhvlər olub, çünki insan faktoru varsa, bu, olacaq. Anaq tam səmimiyyətimlə deyə bilərəm ki, qətiyyən qərəz olmayıb. Çalışmışam ki, hər zaman işimin öhdəsindən layiqincə gəlim, hər oyunda maksimum diqqətli olum ki, o pilləyə yüksəlim. Təbii ki, bizim sahədə bu, dediyiniz FİFA referiliyidi. Bu, hər bir hakim üçün etalon olur. Və təbii ki, kim layiqdirsə, hər zaman orda olur. İnşallah, əlimdən gələni edəcəm ki, qismət olarsa, mən də bir zirvəyə çatım. 

 

- Maraqlıdı, səni mübaribədə hakim olaraq tanıyan oldumu? Hakim olduğunu biləndə, reaksiyaları nə oldu?

- Onu deyim ki, ətrafımızda peşəkar futbol oynayanlar da var idi, futbolu çox sevənlər də. Onlar Premyer Liqamızda çıxş edən futbolçular deyildi. Ancaq Ərəstun Əliyev adlı döyüş yoldaşımız vardı ki, o, "Neftçi"nin əvəzedici komandasında oynamışdı. Uşaq futbolunda çıxış edənlər, AFFA-da U-19, U-17 liqalarında qeydiyyatda olan futbolçular var idi.  Bəzən olurdu ki, artıq müharibə bitəndən sonra vaxt tapıb futbola da baxırdıq. Əvvəlcədən hami artıq bilirdi ki, futbol hakimiyəm. Mən demədən də məni tanıyan, Azərbaycan çempionatı ilə yaxından maraqlananlar da vardı. Oyunlara baxarkən artıq gedişatda bəzi epizodlarla bağlı soruşurdular ki. burda necə olardı, bu haqda danışırdıq. Köhnə oyunlarımdan bəzi yaddaqalan hadisələr vardı ki, bu haqda da söhbətləşirdik. "Qarabağ"ın son oyunu müharibə bitdikdən sonra oldu - "Makkabi"ylə matç, onu birgə yoldaşlarımla izlədik. 

 

- Yanvarın 21-də başlayacaq çempionata fiziki, psixoloji cəhətdən hazır ola biləcəksənmi?

- Dekabrın 31-də qayıtdım müharibədən evə və yanvarın 3-də ilk məşqimə çıxdım. Bu sahə mənə çox doğmalaşdığına görə ondan çox ayrı qalmaq istəmirdim. Bu üzdən gələndən az sonra ilk fərdi məşqimi elədim və komitəmiz tərəfindən mənə təklif oldu ki, istəyirsənsə, dincəl, nə vaxt özünü psixoloji, fiziki cəhətdən hazırlamaq istəsən, gəl, qoşul məşqlərə. Dedim ki, yox, ilk gündən istəyirəm ki, artıq məşqlərə qatılım. Yanvarın 4-dən qrup halında məşqlərimiz başladı və orda iştirak edirəm. Təbii ki, 3 ay futboldan kənarda qalandan sonra istər-istəməz insan hiss edir ki, fiziki cəhətdən özündə bəzi dəyişikliklər var. Ancaq qarşıdakı 15 gün mənə tam kifayət edəcək yüksək səviyyədə hazır olmağım üçün. Ancaq yenə də komitə tərəfindən təsdiq olunarsa, hazırlıq səviyyəm tədqirəlayiq olacaqsa, oyun verəcəklər. Olmazsa, işimə davam edəcəm tam hazır olmağım üçün.

 

 

 

 

 

 

 

 

 

 

 

 

MEHMAN SÜLEYMANOV