Misli Premyer Liqasının XXVI turunun "Sumqayıt" – "Neftçi" oyunundan (1:3) sonra qonaq komandanın baş məşqçisi Yuri Vernidub jurnalistlərin suallarını cavablandırdı. Sport24.az xəbər verir ki, mütəxəssis media nümayəndələri ilə görüşdə bunları dedi:

 

– Bir il əvvəl Ukraynada, "Krivbass"da çalışırdım. Həmin vaxt, səhv etmirəmsə, aprelin 4-də idi. Uşaq meydançasına ballistik raket atılmışdı və 9 uşaq həlak olmuşdu. 9 uşaqla yanaşı, 21 böyük də ölmüşdü. Vaxt keçsə də, bunu xatırlayıram. Bunu deməli idim. İndi isə sualları verə bilərsiniz.

 

– Bu gün qələbə qazanmaq üçün əvvəlki matçlarda olan nəyisə dəyişdinizmi?

– İşləyirik, çox çalışırıq. Futbolçuların yaxşı əhvalı var. Bütün oyunçular oynamaq istəyir. İşimiz indi daha asan olub. Sadəcə heyəti seçməliyəm. Özünüz də görürsünüz, bu gün komanda gözəl performans sərgilədi. Kifayət qədər qol epizodları yaratdıq, fərq böyük ola bilərdi. Buraxdığımız qoldan sonra yaxşı reaksiya göstərdik. Məşqçi kimi mənim üçün önəmli olan budur.

 

– Qarşıda "Qarabağ"la 2 oyun var. Digər rəqiblər isə "Zirə" və "Araz-Naxçıvan"dır. Komanda fasilədən necə qayıdıb? Bu oyunlara hansı dərəcədə hazırsınız?

– Uşaqlara demişəm ki, ağır aprel ayı var. 5 oyunumuz olacaq və ardıcıl güclü rəqiblərlə oynayacağıq. Bu, əladır. Bu oyunları səbirsizliklə gözləyirəm. Komandamın nəyə qadir olduğunu görmək istəyirəm. Bu matçları bir nəfəslə keçə bilsək, yaxşı olacaq.

 

– Emin Mahmudovun durumu necədir?

– Ondan böyük gözləntilərim var. Düşünürəm ki, 1-2 gün sonra məşqlərə qoşulacaq. Bilirsiz, kapitandır. Kapitanla oyun bir cürdür, kapitansız bir. Meydandakı idarəetmə baxımından onsuz çətinliklər ola bilir. Emin hər gün keçdikcə daha böyüyür.

 

– Turnir cədvəlində sizdən aşağıda olan komandalara xal itirirsiniz. Qarşıda da onlara qarşı duellər olacaq. Hansısa fərqli planınız var?

– Hər zaman bir plan var: çıx, oyna və qazan. Necə olacağını görəcəyik.

 

– Plan eynidirsə, nə üçün iddialı komandalarla oyunlarda xal qazanmaq çətin olur?

– Hər oyun üçün plan var. İndi bunu deyə bilmərəm. Rəqiblərin güclü və zəif tərəflərini bilirik. Tək A yox, B planımız da var.

 

– Bəzi taktiki dəyişikliklər etmişdiniz. Abubakar ehtiyatda olsa da, start "11-lik"də mərkəz hücumçusu buraxmamağınız nə ilə bağlıdır?

– Varqas ikinci oyundur, hücumçu kimi oynayır. Sambunun bəzi kiçik problemləri var. Hələ də bizimlə məşq etmir. Abubakar hələ tam formasını yığmayıb. Buna görə startda Varqas oynadı və pis də alınmadı.

 

– "Turan Tovuz" – "Zirə" oyunundakı mübahisəli hakim qərarları ilə bağlı nə deyə bilərsiniz?

– Hakimlər bizim də xətrimizə dəyib. Lakin onlar da insandır, səhv edə bilərlər. Məğlub olan komanda üçün qərarlar bəzən ağır olur. Gücümü komandama həsr edirəm, digər amillərə fikir vermirəm. Ukraynada olanda da hakimlər məni sevirdi, indi də. Yenə deyirəm, işim komandamı oyunlara hazırlamaqdır.