"Bu həftə bizi vacib oyunlar gözləyir. Əvvəlcə səfərdə "Qarabağ"a qarşı avrokubok görüşümüz var, ardınca isə "Astana" ilə çempionat və Qazaxıstan Kubokunun cavab matçları. Bu qarşılaşmaların hər biri çox çətin keçəcək". Sport24.az xəbər verir ki, bunu "Kayrat"ı futbolçusu Vaqner Lav Bakıda "Qarabağ"a qarşı keçirəcəkləri UEFA Konfrans Liqasının qrup oyunundan Qazaxıstan mətbuatına deyib.

37 yaşlı braziliyalı hücumçunun fikrincə, mübarizə apardıqları H qrupunda keyfiyyətli komandaların yer alıb: "Artıq Kipr "Omoniya"sı və İsveçrə "Bazel"i ilə oynamışıq. İndi isə bizi "Qarabağ"la səfər matçı gözləyir. Pley-offa çıxmaq asan olmayacaq. Amma bunun mümkünsüz olduğunu da deyə bilmərəm. Futbolda hər şey meydanda həll olunur".

Vaqner qrupdan çıxmaq şanslarının olduğuna inanıb: "Lakin yadda saxlamalıyıq ki, "Kayrat" tarixində ilk dəfə avrokubokların qrupun iştirak edir. Bəzən bu, oyunçuların psixoloji vəziyyətinə təsir edə, yüngül əsəbilik yarada bilər. Amma komandanın növbəti mərhələyə yüksəlməsi üçün mümkün olan hər şeyi etməyə çalışmalıyıq".

Qeyd edək ki, "Qarabağ" - "Kayrat" qarşılaşması oktyabrın 21-də Tofiq Bəhramov adına Respublika stadionunda saat 20:45-də keçiriləcəj. Hazırda Ağdam klubu 4 xalla H qrupuna başçılıq edir. 1 xalı olan Almatı təmsilçisi isə 3-cü pillədə qərarlaşıb.