"Sizi inandırım ki, hazırda hamımızı narahat edən məsələ budu. Tezliklə milliinin yeni baş məşqçisinin kimliyinə aydınlıq gəlməsinə çalışırıq. AFFA İcraiyyə Komitəsinin yeni tərkibdə mayın əvvəlində iclası olacaq. Fikrimcə, həmin vaxt  baş məşqçinin adına da aydınlıq gələcək". Bu sözləri Sport24.az-a açıqlamasında AFFA-nın sabiq vitse-prezidenti, Məşqçilər Komitəsinin sədri Vaqif Sadıqov deyib.

Sadıqov həmçinin yığmanın "sükan"ı arxasına istərli yerli, istərsə də əcnəbi mütəxəssisə keçə biləcəyini də vurğulayıb: "Bu məsələylə bağlı İşçi Qrup yaradılıb. Onun işi yerli və əcnəbi məşqçilər arasında seçim etmək və yığmaya layiq olanların namizədliyini irəli sürməkdi. Odur ki, istər yerli, istərsə də əcnəbi məşqçi Azərbaycan millisinin "sükan"ı arxasına keçə bilər".

 

65 yaşlı funksioner saytımıza açıqlamasında Premyer Liqada komanda sayının artırılması məsələsinə də münasibət bildirib: "Həmişə bunun tərəfdarı olmuşam. Nəinki klubların, hətta liqaların da sayının artırılmasını istəyirəm. Futbolçularımızın yetişməsini istəyiriksə, komandaların sayı artmalıdı. Bu gün kənarda qalan nə qədər gənc oyunçu var. Onlara oynamaq, özünü doğrulmaq üçün şərait yaratmaq lazımdı. Odur ki, liqaların, klubların sayının artması yeni-yeni futbolçuların üzə çıxması deməkdi".

ABDULLA İSMAYILOĞLU