"Qarabağ"ın "Dinamo"ya 0:1 hesabı ilə məğlub olduğu ilk oyundan sonra komandanın çıxışı ilə bağlı müxtəlif fikirlər səslənir. İlk matç göstərdi ki, rəqib epizodlardan daha səmərəli istifadə etdi. Topa nəzarət "Qarabağ"da olsa da, bitiricilik çatmadı". Bu sözləri Sport24.az-a açıqlamasında Vaqif Sadıqov deyib.

Məşqçilər Komitəsinin sədri UEFA Konfrans Liqasının III təsnifat mərhələsində Polşada "Dinamo"ya (Kiyev, Ukrayna) 0:1 hesabı ilə uduzan "Qarabağ"ın oyununu şərh edib:

"Məncə, ilk oyunda qeydə alınan nəticəyə görə, "Qarabağ"da ciddi eniş yaşandığını söyləmək olmaz. Əsas problem hücum xəttinin "dişsiz" olmasıdır". Son illərdə "Qarabağ" yaratdığı qol epizodlarından maksimum yararlanırdı. Cari avrokubok mövsümündə isə bunu görmürük. Heyətdə müəyyən dəyişikliklər və yeni futbolçuların komandaya tam uyğunlaşmaması da oyuna təsir edir. Qurban Qurbanovun komandası adətən mövsümün əvvəlində ideal vəziyyətdə olmur və oyun ritmini mərhələli şəkildə artırır. Cavab görüşü üçün isə hər şey hələ açıqdır. Bir top fərqi aradan qaldırılması mümkün olan nəticədir. "Qarabağ" Bakıda daha aqressiv və yüksək tempdə oynasa, mərhələni keçmək şansını qoruyur. Lakin bunun üçün hücumda daha kreativ və son zərbələrdə daha dəqiq olmaq vacibdir".

Qeyd edək ki, komandalar arasında cavab matçı avqustun 13-də, saat 20:00-da Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək.