Misli Premyer Liqasının 16-cı turunda "Səbail" üzərində əzmkar qələbə qazanan "Qəbələ"ni (2:1) qarşıda daha çətin period gözləyir. Bölgə təmsilçisi Azərbaycan Kubokunun 1/4 final mərhələsi və ölkə çempionatında ümumilikdə ardıcıl 3 dəfə "Qarabağ"la qarşılaşacaq. Rəqibin ötən mövsümü "Qızıl dubl"la başa vurması "qırmızı-qaralar"ı qorxutmur.

"Səbail"lə matçda qələbə topunun müəllifi olan hücumçu Ülvi İsgəndərov Sport24.az-a müsahibəsində həm çıxışlarına qiymət verib, həm də "Qarabağ" önündə şanslarını dəyərləndirib.

- Premyer Liqanın 16-cı turunda "Səbail"lə oyunda erkən qol buraxsanız da, geridönüş etdiniz. Bunu nəyə borclusunuz?
- Görüş çox çətin keçdi. Çünki hava şəraiti rahat oynamağa imkan vermirdi. Belə vəziyyətdə oynamaq hər iki komanda üçün çətin idi. Matçın gedişində hava bəzən yaxşı, bəzən pis olurdu. Yenə də qələbə qazanmağı bacardıq. Düzü, gözləmədiyimiz anda qol buraxdıq. Geridönüş etməyimizə komanda şəklində toparlanmağımız kömək oldu.

- Qələbə topunu vurduğunu nəzərə alsaq, sənin üçün ikiqat sevinc saymaq olar?
- Əlbəttə. Qol vuranda istər-istəməz daha motivasiyalı, istəkli olursan. Mən də hücumçuyam və işim qol vurmaqdır. Qələbə topunun müəllifi olmaq mənə əlavə sevinc bəxş elədi.

- Bu mövsüm Premyer Liqada sonradan meydana daxil olaraq qol vurduğun üçün səni xilaskar adlandırırlar. Buna münasibətin necədir? 
- Doğrudur, məndə belə hallar çox olur. Xilaskar deməzdim. Çünki komandanın bir parçasıyam. Start heyətində oynamağımın və ya sonradan mübarizəyə qoşulmağımın fərqi yoxdur. Əsas istəyim klubuma kömək etmək, xeyir verməkdir. Hər matçda qol vuraraq komandama kömək eləməyi arzulayıram. Çünki burada qazandığım pulun haqqını verməliyəm. Hər dəfə də bu düşüncə ilə meydana daxil oluram. Matçlarda nəsə eləməyə çalışıram. 

- Çoxları düşünür ki, sən meydana sonradan daxil olanda daha effektli olursan. Həqiqətən də, belədir? 
- Futbolçu oynaya-oynaya inkişaf edir. 25 yaşım var, Premyer Liqanın ardıcıl 4 matçında start heyətində yer almağım yadıma gəlmir. Düşünürəm ki, arda-arda bir neçə görüşü əsas heyətdə keçirsəm, daha yaxşı oynamağa başlayaram. Oyunla məşq eyni ola bilməz. Görüş zamanı əlavə güc yığırsan, praktikan, təcrübən artır. Məncə, daim start heyətində meydana çıxsam, daha effektli olaram.

- Düşünmürsən ki, ötən mövsümlə müqayisədə cari mövsüm "Qəbələ"nin nəticələrində qeyri-stabillik var?
- Razıyam, komanda olaraq stabil çıxış eləmirik. Bəzən pis, bəzən yaxşı oyun sərgiləyirik. Bəzi matçları da yüksək səviyyədə keçirməyimizə baxmayaraq, qol vura bilmirik. Toparlanaraq sona qədər mübarizəmizi davam etdirəcəyik.

- Azərbaycan Kubokunun 1/4 final mərhələsində "Qarabağ"la qarşılaşacaqsınız. Rəqibin turnirin son qalibi olması, Premyer Liqaya liderlik etməsi və avrokuboklarda mübarizəni davam etdirməsi gözünüzü qorxutmur?
- Düzdür, bizi sıx qrafik gözləyir. "Qarabağ"la ardıcıl 3 dəfə üz-üzə gələcəyik. "Qarabağ"ın gücü hamıya bəllidir. Çox güclü komandadır. Buna baxmayaraq, həm Kubok, həm də çempionat görüşlərində onlarla axıra qədər mübarizə aparacağımıza inanıram.

- Eyni komanda ilə tez-tez qarşılaşmaq sizi bezdirmir? 
- Açığı, bu amil adama sıxıcı gəlir. Bu, psixoloji cəhətdən də futbolçuya çətinlik yaradır. Söhbət təkcə 90 dəqiqəlik mübarizədən getmir. Bunun oyuna bir neçə günlük hazırlığı, təhlili və bu kimi bir neçə amili var.

- "Qəbələ"nin bu mövsüm çempionatda və ölkə Kubokunda qarşısına qoyduğu hədəf nədir?
- Hədəfimiz hər oyunda qələbə qazanmaqdır. Çempionatda maksimum xal toplamaq, ölkə Kubokunda mərhələ adlamaq istəyirik. Komandamız üçün ən yaxşısını etməyə çalışırıq. Hər dəfə də qarşıdakı görüşə köklənirik. Növbəti oyunda qələbə qazanıb, ondan sonrakına baxmalıyıq. Mövsüm boyu bu cür hazırlaşırıq.
 

 

 

KAMAL RZA