Ukrayna millisinin futbolçusu Vitali Mikolenko DÇ-2026-nın seçmə mərhələsində İslandiya və Azərbaycan komandaları ilə oyundan əvvəl maraqlı açıqlama verib. Sport24.az xəbər verir ki, "VZBİRNA"ya danışan müdafiəçi qarşıdakı görüşlərlə bağlı fikirlərini bölüşüb.
İngiltərənin "Everton" klubuna məxsus olan oyunçu Fransanı D qrupunun aşkar favoriti olduğunu söyləyib.
Maraqlısı isə odur ki, Mikolenko millimizi də iddialı hesab edib:
"Fransanın favorit olması hamıya bəllidir. Qrupda digər üç komanda var. Azərbaycanla səfərdə 1:1 hesablı heç-heçə etdik. İndi qarşıdakı dörd matçın hər birində qalib gəlməliyik. İslandiya və Azərbaycan - bunlar ikinci yer uğrunda rəqiblərimizdir. Bu matçlarda qələbə qazanmalıyıq".
Qeyd edək ki, Ukrayna millisi D qrupunda, oktyabrın 10-da Reykyavikdə İslandiya, 13-də isə Krakovda Azərbaycan millisi ilə üz-üzə gələcək. Fransa D qrupunda 6 xalla liderdir. İslandiyanın 3, Ukrayna və Azərbaycanın 1 xalı var.