Turun komandası olan "Qəbələ" Premyer Liqamızın yeni lideridi. "Səbail"i evdə 5:0 hesabıyla məğlub etdikləri matçda ən yaxşılardan olan, qol vurmasa da, ilk 2 qolda məhsuldar ötürmələri ilə yadda qalan 35 yaşlı kapitanı Asif Məmmədov ənənəvi layihəmizdə turun qəhrəmanı seçildi. Asif Sport24.az-a müsahibəsində bir sıra mətləblərdən danışdı. 

- Mövsüm öncəsi proqnozlar belə idi ki, "Qəbələ" autsayderlər sırasında olacaq. Çünki büdcəsi daha da azalıb, yüksək səviyyəli legionerlər gətirməyib. Ancaq 4 oyuna 11 xalla, məğlubiyyətsiz 1-ci pillədəsiniz. Yəni, bütün proqnozları alt-üst etmisiniz. Uğurun əsas səbəbini nədə görürsən?

- Hələ ki dediyiniz kimidi. Ancaq indidən arxayınlaşmaq, rahatlaşmaq da olmaz. Vur-tut cəmi 4 tur keçib, hələ 24 turumuz var. Buna görə bu uğurlu çıxış biz heç bir şəkildə rahatlaşdırmır. Bundan da artıq çalışmalı, işləməliyik ki, ən azından bunu davamını çox da olmasa gətirək.  

- İlk dövrənin sonunadək sizi çox çətin sınaqlar gözləyir - səfərdə "Sumqayıt" və "Qarabağ"la, evdə "Zirə"ylə. Hesab etmirsən ki, "Qəbələ"nin əsl gücünə məhz bu 3 matç qiymət verəcək, yoxsa...?

- Qardaş, hələ heç nə eləməmişik. Belə baxanda, sözün düzü, böyük iş görməmişik. Bizim işimiz hələ qabaqdadı. İndi nə etmişik ki?

- Bir faktı deyim - 1-ci pillədə görməyə adət etdiyimiz "Qarabağ"la "Neftçi" sizə indi aşağıdan yuxarı baxır...

- Orası elədi ki, hazırda turnir cədvəlində liderik və bu, bizi sevindirməyə bilməz. Ancaq indidən yekə-yekə danışım ki, ay, belə dağıdacağıq, elə edəcəyik...Cəmi 4-cü tura gəlib çıxmışıq, artıq 2 futbolçumuz ən ağır zədəni alıb, heyətimiz bir az kasaddı, problemlər var. Onsuz da geniş heyətimiz yox idi, üstəlik də əsas heyətin 2 üzvü ən ağır zədələrdən aldı. Buna görə arxayınlaşmırıq. İnşallah, belə davam edəcəyik. Allahın qisməti nədirsə, o da olacaq. Hələ heç nə demək olmaz. 

 - Ehtiyat skamyanızın onsuz da qısa olması, üstəlik də müdafiəçi Rüfət Əhmədovla yarımmüdafiəçi Yaovi Akakponun uzun müddətə sıradan çıxması nə qədər əl-qolunuzu bağlaya bilər?

- Razıyam ki, skamyamız çox qısadı. Baxsanız, elə matçlar oldu ki, 2 əvəzləmə etmişik, meydana buraxmaya 3-cü yeni futbolçu tapmamışıq. Hərçənd, yorğunluq olur, əvəzləməyə ehtiyac yaranır. Ancaq ehtiyatdakı gəncdi, onu birdən-birə buraxıb hansısa oyunda "yandırmaq" istəmirsən. Matçda çətin anlar olur, hesabda 1:0 irəlidəsən, yaxud bərabərlikdi, kimisə də dəyişə bilmirsən ki, gəncdi, çıxar həyəcanlı olar, komandaya bir az pis təsir göstərər. Üstəlik, həmin 2 futbolçunun ağır zədələnərək uzun müddətə sıradan çıxması işimizi çox çətinləşdirdi. 

- Bəzi klublarımızın, o cümlədən "Qəbələ"nin baş məşqçisi Elmar Baxşıyev hər dəfə deyir ki, rəhbərlik qarşımıza Avropaya çıxmaq məqsədi qoymayıb. Bəlkə uğurlu çıxışın əsas səbəblərindən biri budu ki, nəticəylə bağlı təzyiq altında olmursunuz və rahat çıxış edirsiniz?

- İnanırsınız, onu ancaq Elmar müəllim deyəndən deyənə yadımıza düşür ki, qabağımıza bu şərti qoymayıblar. Qoymayıblar deyəndə ki, hər rəhbər, hər futbolçu, hər məşqçi istəyər ki, çıxıb Avropada çıxış edəsən. Çempionatda, bu futbolu oynayırsansa, hansısa məqsəd uğrunda oynamalısan. Rəhbərlər də iddiasız deyil ki...Bilirəm ki, "Qəbələ bu gün getdi Avropaya, bizdə cavan uşaqlar var, onlar üçün çox yaxşı şans olar, kimisə orda görə bilərlər, bəlkə orda yaxşı nəticələr verdik. Onlar deyir, biz də deyək ki, Avropaya getmək istəmirik - yox, belə şey yoxdu. Futbol olmasın, istəyir güləş olsun, döyüşə çıxmısansa, məqsədin olmalıdı. Bua görə elə şeyi fikirləşmirik, istəyimiz Avropaya getməkdi. Baş məşqçidi, çox sağ olsun ki, bizi lap həyəcanda saxlamamaqdan ötrü bəlkə elə deyir daha rahat olaq. Amma öz içimizdən istəyirik ki, hər matçda qalib gələk və çıxanda hansısa bir məqsədə çataq. 

- Hamı hələ keçən mövsümdən deyir ki, Elmar Baxşıyevin vaxtında "Qəbələ" çox şən, baxımlı, hücum futbolu oynayır, bundan böyük zövq alırsan. Buna necə nail olursunuz?

- Sözün düzü, baş məşqçimiz bizə o rahatlığı verib. O barədə ki, deyir həyəcanlanmayın, çıxın, rahat olun. Bu, xüsusilə gənc futbolçulara aiddi. Arxanızda mən durmuşam, mən deyən futbolu oynayın, istəyirsiniz çıxın 0:5 uduzun. Bu da futbolçu üçün əlavə stimuldu ki, baş məşqşi mənə belə rahatlıq verir. Baxşıyevin də istədiyi futbolu hələ ki oynayırıq. Keçən mövsümə baxsanız, məncə, indikindən daha çox xal yığa bilərdik startdaca. 

- Onda qol vura bilmirdiniz...

- Ay sağ olun. 4-5 real qol imkanımız olurdu hər oyun, sadəcə, istifadə edə bilmirdik. Bu mövsüm şükürlər olsun ki, bunu aradan qaldırdıq. Fərq odur ki, bütün imkanlarımızdan yararlanırıq.

- 0:5 uduzmursunuz, 5:0 udursunuz. Bu hesabı yəqin ki, gözləməzdiniz səmimi olsanız. Özü də fasiləyə qolsuz bərabərliklə yollandığınızda. Necə oldur ki, ikinci 45 dəqiqədə "Səbail"i "topa tutdunuz"?

- Həmin gün vallah, hava şəraiti çətin idi. Bunu deyəndə, deyirlər, bu, iki komanda üçün də eynidi. Ancaq hər halda, ilk hissədə çox istiydi, adam qaçmaqda çox çətinlik çəkirdi. Amma ikinci hissədə havanın bir az sərinləşməsi müsbət təsirini göstərdi. Həm də baş məşqçimizin fasilədə bizə iradı oldu ki. çox arxayın çıxmısınız, belə olmaz, ikinci hissədə çıxıb öz oyunumuzu oynamalıyıq. Bundan sonra uşaqlar da istər-istəməz bir az ayıldılar ki, oynamaq lazımdı və baş məşqçinin göstərişlərindən sonra hər şey xeyrimizə dəyişdi.

- Turun qəhrəmanı seçilmisən. Bunu nə dərəcədə gzləyirdin?

- O barədə yalnız onu deyə bilərəm ki, çox sağ olun. Siz seçmisinizsə, oyunuma qiymət verib etmisiniz. Durum özümü tərifləyim - bu, düzgün çıxmaz. Görürüsünüz, qiymət vermisiniz, Allah razı olsun. Bu gün mən layiqəm. sabah başqası ola bilər mənim yerimdə. 

- Belə başa düşdüm ki, buna xüsusi can atmırsan və əsas məqsədin komandanın uğurlu çıxışında pay sahibi olmaqdı...

- Əlbəttə. Adam özü də istəyir ki, hər oyunda, daha tez-tez fərqlənsin. Öüzm də istəyərəm ki, həmişə yaxşı oynayım, komandama faydam dəysin. Amma komandanın uğuru daha önəmlidi. Sənin oyunun pis olsa, istər-istəməz komandaya təsir edəcək. Baxmayın, yaşlı futbolçunun yaxşı oynaması vacibdi. Tək mən yox, 3-4 nəfər pis oynasa, onda oyun sistemi pozulur bir az. 

- Maraqlıdı, seçimi sənin öhdənə buraxsaydıq, bu turun qəhrəmanı kimi seçərdin?

- İnanırsınız. bu tur oyunların hamsıına baxmamışam. Buna görə ad çəkməkdə çətinlik çəkərəm. 

- Artqı 35 yaşın var və hazırkı çempionatın ən yaşlı futbolçularındansan. Demək olar 90 dəqiqə oynayırsan. Bu gücü hardan alırsan? Bu yaşda oynamaq çətindimi, yoxsa Azərbaycan çempionatı üçün keçərlidi?

- Gərək özünə baxasan da. Fikir verdinizsə, "Sabah"la matçda istədyim oyunun bəlkə də 50 faizi yox idi. Göründü ki, çox "axsayıram". Bu da onunla bağlı idi ki, "korona" tutandan sonra 14 gün karantində olmağım istər-istəməz öz sözünü dedi. Bundan qabaq yaxşı idim, formamı yığmışdım, hər şey qaydasında idi. Ancaq çempionat başlayan vaxtı çox təəssüflər olsun ki, zədə aldım. Mənə oyun praktikası lazım idi. Oynamasan, bu yaşda özünə baxmasan, formada qalmağın qeyri-mümkündü. Gənc olanda, gəncliyin ola bilər köməyi olsun bu məsələdə. Ancaq bu yaşda istər-istəməz yatmağına, durmağına, yeməyinə baxmalısan, hər şey fikir verməlisən. Vermədinsə, yaxşı oynamağın mümkün deyil. Hələ ki şükür Allaha, mən də buna riayət edirəm. Nə qədər bacarıramsa, oynamaq istəyirəm. Həmişə deyirəm ki, bu yaşda şükür Allaha, artıq hər şey var, hər şey öz yerindədi. Söhbət maddiyyatdan getmir, özüm istəyirəm ki, lap gülünc vəziyyətdə olmayıb meydanda olanda. Nə vaxt görsəm ki, o deyil, komandama kömək edə bilmirəm, nəsə problemlər var. onda əlimi qaldırıb deyəcəm ki, gedirəm. Ancaq bugünkü gündə gücü hiss edirəm ki, hələ ki oynaya bilirəm.

- Yəni, Asif Məmmədov sübut edir ki, nə qədər qoca olsam da, min cavana dəyərəm...

- Onu siz görürsünüz, mən desəm, yaxşı çıxmaz (gülür).

- "Korona" dövrün necə keçdi?

- Məndə yüngül zədə vardı, dalınca da "korona" oldum.

- Ağır keçirdin?

- Sözün düzü, ilk turda "Neftçi"ylə matçdan əvəvl test verməsəydim, bilməyəcəkdim virusa yoluxmuşam. Yəni, o dərəcədə yüngül keçirdim. Yüngül narahatlığım vardı, açığı, məşq də edirdim. Test verdim, "korona" çıxmadı. Yüngül soyuqlamışdım. İndi də bilirsiniz, burun bir az axanda, öskürəndə qaçırsan test verəsən, çalışırsan kollektivdən kənarda olasan. Sözün düzü, "korona"dan qorxmurdum. Sadəcə, həkimimiz dedi ki, test vermək lazımdı. Həmin vaxt da çıxmadı koronavirus. Üç gün sonra oyunqabağı məcburi verəndə, nəticə pozitiv çıxdı. Buna görə 14 gün məcburi karantində qaldım, məşq eləmədim. 

- "Qəbələ"nin yeni kapitanı oldun bu mövsüm. Bu, sənə əlavə enerji verirmi? Özünü bu yaşda kapitan kimi necə hiss edirsən?

- İstər-istəməz məsuliyyət bir az artıb. Ona görə nə qədər bacarıram, əlimdən nə gəlirsə komanda, uşaqlar üçün, edəcəm. Söhbət meydandan getmir.

- Sözünə qulaq asırlarmı?

-  Mən kapitan olmayanda da qulaq asırdılar, hansısa futbolçular gəlib məndən məsləhət alırdılar. Hələ 20 yaşım olanda da bunu edirdilər, tək 35 yaşımda yox. 

- Sözündə nə sehr var ki, sənə hələ gənc yaşlarından qulaq asırdılar?

- Bunu uşaqlardan soruşun, onlar desin. Həmişə mənə qulaq asıb, məndən məsləhət alıblar. 20 yaşımda "Qəbələ"də çıxış etdiyimdə də 10 yaş məndən böyük olanlar var idi ki, pis çıxmasın, məndən məsləhət alırdılar. Yəni, burda 35 yaş söhbəti deyil.

 

 

MEHMAN SÜLEYMANOV