Azərbaycan Premyer Liqasında 2021/22 mövsümündə ikinci dövrə start götürdü. Sport24.az hələ 2017/18 mövsümünün ilk turundan başladığı Turun “ƏNLƏR”i rubrikasıyla yenidən görüşünüzə gələrək​, VIII turun "simvolik yığması"nı təqdim edir.

 

"Simvolik yığma"

Qapıçı: Kamran Ağayev ("Səbail")

Müdafiəçilər: Turan Manafov ("Səbail") - Yurgen Qoxa ("Səbail") - Mert Çelik ("Neftçi") - Amin Seydiyev ("Sabah")

Yarımmüdafiəçilər: Coy-Lens Mikels ("Sabah") - İsnik Alimi ("Qəbələ", 3) - Nikolas Raysel ("Səbail") - Tiemoko Fofana ("Sabah")

Hücumçular: Mirsahib Abbasov ("Səbail") - Mirabdulla Abbasov ("Neftçi")

 

Turun BAŞ MƏŞQÇİsi - Samir Abasov ("Neftçi", 2)

Əzmkar qələbə hər zaman diqqət mərkəzində olur və bu zaman baş məşqçinin rolunu vurğulamalıyıq. "Neftçi"nin evdə "Zirə" üzərində "comeback"ində baş məşqçi Samir Abasovun əvəzləmələri həlledici oldu. Belə ki, braziliyalı Ramon Maçadonu ikinci hissənin əvvəlindəcə meydana buraxmaq üçün yanına çağıran 43 yaşlı mütəxəssis xeyli gözlədi və Mirabdulla Abbasovu da onunla birgə yalnız 69-ci dəqiqədə oyuna saldı. Bu zaman hesab 1:1 idi və məhz Mirabdulla başla qələbə topunun müəllfi oldu. Abbasova məhsuldar ötürmə edən də baş məşqçinin sonradan meydana buraxdığı futbolçu - sağ cinah müdafiəçisi mövqeyinə çıxan gənc İsmayıl Zülfüqarlı idi. Abasov "Neftçi"nin qollarının hər ikisinin yetirmələrinin vurmasına canlı şahid olaraq daha sevincli oldu.

Turun QƏHRƏMANı - Mirabdulla Abbasov ("Neftçi")

Uzun müddət kölgədə olan bir futbolçu bir andaca səhnəyə çıxaraq diqqətinə özünə cəlb edir. Bunu son turda Mirabdulla Abbasova şamil etməliyik. Belə ki, "Neftçi"nin hücumçusunun "Zirə"ylə "Bakcell Arena"dakı görüşdə sonradan meydana çıxdıqdan sonra qapıya demək olar ilk zərbəsi (84-cü dəqiqədə) qolla nəticələndi. Bu, əsas heyət üzvü sayılmayan, çox az oynayan Mirabdullanın cari mövsümdə ilk qolu idi və o, ümumilikdə 7 aydan sonra rəqib qapısına yol tapdı.  

Turun ANTİQƏHRƏMANı - Murad Xaçayev ("Sumqayıt")

Azərbaycanlı futbolçu Ukrayna Premyer Liqasına gedir? - rəsmi açıqlamaArtıq 12-ci dəqiqədə komandanı azlıqda qoyasan. Özü də rəqibə qarşı kobudluğa görə yox, baş hakimin üzrəinə etirazla hücumaraq təcavüzkar davranışa yol verməklə. Bunu "Sumqayıt"ın yarımmüdafiəçisi Murad Xaçayev "Sabah"la səfər matçında etdi və baş hakim İnqilab Məmmədov tərəfindən qarşısında birbaşa qırmızı vərəqə gördü. Nəticədə qonaqlar matçın böyük hissəsini azlıqda keçirməli oldu və 60-cı dəqiqəyədək dözə bildi. Bundan sonra isə 3 qol buraxaraq darmadağın olundu.

Turun KOMANDAsı - "Səbail" (2)

Lideri gözlənilmədən xalsız qoyasan. O lideri ki, yeni mövsümdə avrokubokları da nəzərə alaraq məğlubiyyətsiz irəliləyirdi və bu oyun sayını 16-ya çatdırmışdı. Ancaq həmin "Qarabağ" "Səbail"lə səfər matçından məğlub ayrıldı. "Dənizçilər" güclü rəqibi üzərində təsadüfi yox, inamlı qələbə qazandı - 3:1. Aftandil Hacıyevin komandanı 90 dəqiqə yaxşı oyun nümayiş etdirərək baxımlı qollarla imza atdı.

Turun HAKİMi - Rauf Allahverdiyev ("Səbail" - "Qarabağ")

Bu nominasiya da Bayıldakı həmin matçdandı. Gənc hakim Rauf Allahverdiyevə cari mövsümdə Premyer Liqada debütündə məsul görüş - liderin matçı etibar olunmuşdu. O da bu etimadə layiqincə doğrultdu. Meydanda qətiyyətini nümayiş etdirən, vərəqə verilməli olduğu epizodlara göz yummayan Raufun "Səbail"in hesabı açdığı qolda da yan xətdəki köməkçisiylə birgə ofsaydın olmaması ilə bağlı qərarı doğru idi.

Turun SENSASİYAsı - "Səbail" - "Qarabağ" - 3:1.

Təbii ki, burda da həmin matçdan söhbət edəcəyik. Hər halda, liderin son pillələrdə gedən rəqibiylə matçda ümumiyyətlə, xalsız qalacağı turun sensasiyası oldu. Hər halda, "Qarabağ" bunadək cari mövsümdə məğlubiyyət nə olduğunu bilmirdi.

Turun SİTATı - Ayxan Abbasov ("Sumqayıt")

Bu turda ən ağır məğlubiyyət alan baş məşqçidən ən diqqətçəkən sözlər gəldi. Belə ki, "Sumqayıt"ın baş məşqçisi Ayxan Abbasov "Sabah"la səfərdə 0:3 uduzduqları matçdan sonra baş hakim İnqilab Məmmədovu ittiham elədi: "İnqilab Məmmədov komandamızın uduzması üçün hər şey etdi, onu bu münasibətlə təbrik edirəm".