Azərbaycan Premyer Liqasında 2021/22 mövsümündə ilk dövrə arxada qaldı. Sport24.az hələ 2017/18 mövsümünün ilk turundan başladığı Turun “ƏNLƏR”i rubrikasıyla yenidən görüşünüzə gələrək​, VII turun "simvolik yığması"nı təqdim edir.

 

"Simvolik yığma"

Qapıçı: Aydın Bayramov ("Sumqayıt", 2)

Müdafiəçilər: Tərlan Quliyev ("Keşlə") - Cəlal Hüseynov ("Zirə") - Dmitri Nağıyev ("Sumqayıt")

Yarımmüdafiəçilər: Abdullah Zubir ("Qarabağ", 4) - Hacıağa Hacılı ("Zirə") - Murad Xaçayev ("Sumqayıt") - Sabir Buqrin ("Neftçi") - Rüfət Abdullazadə ("Sumqayıt")

Hücumçular: Anatole Abanq ("Keşlə") - Ülvi İsgəndərli ("Qəbələ", 2)

 

Turun BAŞ MƏŞQÇİsi - Sənan Qurbanov ("Keşlə")

"Keşlə" bu çempionatda ilk səfər qələbəsini baş məşqçisi Sənan Qurbanov "texniki zona"da olaraq qazandı. O mənada ki, bunadək qazanılan 4 xalda bu gənc mütəxəssis cəzalı olduğundan tribunada idi. Qurbanov komandasını "Səbail"lə ilk növbədə qazonu pis olduğuuna görə çətin sayılan səfər matçında yaxşı hazırlaşmışdı. Hiss olunur ki, "Keşlə"yə özünəinam gəlib və baş məşqçi çempionatdakı ikihəftəlik fasilədən yaxşı yararlana bilib. Oyunun taleyini isə Qurbanovun uğrulu əvəzetməsi həll etdi. Belə ki, onun fasilədən dərhal sonra meydana buraxdığı kamerunlu hücumçu Anatole Abanq 81-ci dəqiqədə başla qələbə topuna imza atdı.

Turun QƏHRƏMANı - Anatole Abanq ("Keşlə")

Məhz Abanqla davam edərək onun turun qəhrəmanı olduğunu vurğulayaq. Həm ona görə bu legionerin üzərində dayandıq ki, o, Premyer Liqada 3 oyunluq cəzalı idi və qayıdışı belə uğurlu alındı. Anatole cəzalı olduğu dövrdə I Divizionda "Keşlə-2"də çıxış edərək 3 oyunda 5 qola imza atdı. Onu da bildirək ki, Abanqa III turda "Zirə"ylə ev matçının ilk hissəsində rəqibi vurduğuna görə birbaşa qırmızı vərəqə alıb komandasını azlıqda qoyanda turun antiqəhrəmanı olmuşdu.

Turun ANTİQƏHRƏMANı - Xulio Sezar Rodriges ("Sabah")

Budəfəki antiqəhrəman isə Anatolenin paraqvaylı həmkarıdı. "Sabah"da çempionatın ilk turlarını zədə üzündən buraxan, qayıdandan sonra isə ilk işi qol vurmaq olan Xulios Sezar Rodriges qırmızı vərəqə almaqla yadda qaldı. Belə ki, o, "Qarabağ"ın və millimizin "1 nömrə"si olan Şahrudin Məhəmmədəliyevlə mübahisə nəticəsində onun ayağına zərbə vuraraq meydandan qovuldu. Bu isə onsuz da güclü rəqiblə qarşılaşan "Sabah"ın işini lap çətinləşdirdi.

Turun KOMANDAsı - "Sumqayıt" (2)

"Sumqayıt" son turların ən uğursuzu olsa da, bu dəfə fərqləndi. Düzdür, Ayxan Abbasovun komandası yenə qalib gələ bilmədi. Ancaq nəhayət, qolsuzluğa son qoydu və ən əsası, son çempion "Neftçi"ni büdrətdi. Onu da untmayaq ki, "ağ-qaralar" bunadək 3 turdur qələbələri sıralayırdı və yüksəlişdə olan komanda idi. Ancaq "Sumqayıt" rəqibi çempion olandan sonra da ondan xal almağı bacardı. Bir şeyi də yaddan çıxarmayaq ki, Sumqayıtdakı matçda hesabı açan tərəf meydan sahibləri idi və qonaqlar məğlubiyyətdən xilas oldu. "Sumqayıt" 6 aylığa sıradan çıxan əsas müdafiəçilərindən, millimizin də üzvü olan Elvin Bədəlova olan diqqətini hələ matçdan əvvəl çəkdirdikləri komanda fotosunda onun formasını da əldə saxlamaqla göstərdi.

Turun HAKİMi - Kamal Umudlu ("Sabah" - "Qarabağ" - 1:2)

Füzilinin işğaldan azad olunmasının ilk ildönümü günü Kamal Umudlunun baş hakim kimi iş başında olması bir rəmzi məna daşıyırdı. Axı, Kamal II Qarabağ Müharibəsinin iştirakçısıdı. Umudlu da 17 oktyabr günü üzərinə düşən işin öhdəsindən yaxşı gəldi. Xüsusilə onun verdiyi qırmızı vərəqənin tam haqlı olduğunu, güzəştə getməyərək qətiyyətini nümayiş etdirdiyini vurğulayaq.

Turun SENSASİYAsı - "Sumqayıt" - Neftçi" (1:1)

İlk baxışdan deyə bilərsiniz ki, "Sumqayıt" son illərdə "Neftçi" xal alır da. Ancaq budəfəki vəziyyət fərqli idi. O mənada sumqayıtlılar 4 oyundur qələbə qazana bilməyərək cəmi 1 xal toplamış, qol da vura bilməmişdi. "Neftçi" isə qələbələri sıralayırdı və bunu 4-ə çatdırmaq şansına malik idi. Ancaq sonda qonaqlar məğlubiyyətdən yalnız xilas ola bildi.

Turun SİTATı - Rəşad Sadıqov ("Zirə", 2)

Bu turda ən uzun çəkən mətbuat konfransı da "Zirə"nin baş məşqçisinin oldu, ən maraqlı da. Rəşad Sadıqov təkcə oyundan danışmadı, 21 yaş limitinə də toxundu. Belə ki, o, vaxtilə çalışdırdığı U-21 yığmamızın hazırkı serbiyalı baş məşqçisi Milan Obradoviçin “çempionat oyunlarında 21 yaşadək futbolçu limiti 1 yox, 2 olsun” təklifinə də münasibət bildirərək, bununla qəti razı olmadığını bildirdi: "Obradoviç desəydi ki, komanda sayı artırılmalıdır, daha məntiqəuyğun olardı"

Ən gənc ikisi birdən

Yeni mövsümdən əlavə etdiyimiz bu nominasiya futbolçulara yox, komandalara aiddi. Hər turda ən gənc və ən "qoca" komandaları da sizə təqdim edirik. Beləliklə, orta yaş həddinə görə ilk turun ən "qoca"sı "Keşlə" oldu - 28. Ən gənc isə birdən-birə iki komandadı. Belə ki, "Zirə"ylə "Sumqayıt"da orta yaş həddi hərəsində 25,45 idi. Sözsüz ki, ən diqqətçəkan məqam "Zirə"nin kapitanıyla bağlıdı. Axı, Rad Sadıqovun sarğını etibar etdiyi gənc həmkarı - mərkəz müdafiəçisi Cəlal Hüseynov nəinki komandasının, ümumiyyətlə, həmin matçda meydanda olanlar arasında (18 yaş) ən gənc idi.