Azərbaycan Premyer Liqasında 2020/21 mövsümündə XXVI tur arxada qaldı. Sport24.az hələ 2017/18 mövsümünün ilk turundan başladığı Turun “ƏNLƏR”i rubrikasıyla yenidən görüşünüzə gələrək​, bu dəfə son turun "simvolik yığması"nı təqdim edir.

"Simvolik yığma"

Qapıçı: Tərlan Əhmədli ("Qəbələ")

Müdafəçilər: Yusuf Laval ("Neftçi", 6) - Vojislav Stankoviç ("Neftçi", 3) - Vurğun Hüseynov ("Sumqayıt", 3) - Maksim Medvedev ("Qarabağ, 2)

Yarımmüdafiəçilər: Abdullah Zubir ("Qarabağ", 7) - Sabir Buqrin ("Neftçi", 5) - Emin Mahmudov ("Neftçi", 6) - Keysuke Honda ("Neftçi", 2) - Xayme Romero ("Qarabağ", 3)

Hücumçu: Mahir Emreli ("Qarabağ", 9)

Turun BAŞ MƏŞQÇİsi - Ayxan Abbasov ("Sumqayıt", 6)

Baş məşqçi üçün vacib olan şeylərdən biri də intuisiyadı. O, əvvəldən hiss edərək, uğurlu əvəzləməylə də matça müdaxilə edə bilər. Necə ki "Sumqayıt"ın baş məşqçisi Ayxan Abbasov "Keşlə"ylə səfər matçında bunu nümayiş etdirdi. Sağ cinah müdafiəçisi mövqeyinə Süleyman Əhmədovun yerinə Cabir Əmirlini buraxan gənc mütəxəssis cəmi 2 dəqiqə sonra bunun bəhrəsini gördü. Belə ki, məhz Cabirinin qazandığı penaltini Rəhim Sadıxov qola çevirdi və bu, yekunda qələbə topu oldu. Özü də nəzərə alaq ki, matça ciddi itkilərlə çıxan Abbasov zədəli olan bombardiri hücumçusu Əli Qurbaniylə yanaşı, cəzlaılar - müdafiəçi Cəmaləddin Xocaniyazov və yarımmüdafiəçi Xəyal Nəəcfovun xidmətindən məhrum idi. 

Turun QƏHRƏMANı - Keysuke Honda ("Neftçi")

"Neftçi" martda heyətinə qatdıığı yaponiyalı ulduz futbolçu Keysuke Honda turdan-turdan daha yaxşı oyun sərgiləyir, komandaya faydalı olmaqda davam edir. Təbii ki, rəqib qapısına yol tapmaqla da. Özü də Honda qolları sıralayır. Ardıcıl 2-ci matçdı meydandan qolsuz ayrılmayan 35 yaşlı yarımmüdafiəçi hər iki halda sintetik qazonda fərqləndi. "Keşlə"nin ardınca "Səbail"i qolla məyus edən Honda bu yaşda cəldliyini də göstərdi. Keysuke hücumçu kimi çıxış etdiyi son turda turun ən yaxşı futbolçusuna layiqli oyun göstərdi.

Turun QƏHRƏMANı - Sadio Tounkara ("Keşlə")

"Sumqayıt"la matçda komandasında ən zəfilərdən olan Sadio Tounkara buraxdıqları qola da səbəbkar oldu. Hər halda, "Keşlə"nin qapısına sonda məğlubiyyətə gətirib çıxaran penalti zərbəsi məhz Tounkaranın qayda pozuntusundan sonra təyin olundu. Malili yarımmüdafiəçinin yersiz hərəkəti, rəqibinə ayağına zərbəsi komandasına baha başa gəldi.

Turun KOMANDAsı - "Neftçi" (6)

Biri var darmadağına imza atasan, biri də var buna möhtəşəm oyuna nail olasan. "Neftçi"nin "Səbail"ə qarşı 90 dəqiqə oyunu sadəcə, fenomenal idi. Özü də baş məşqçisi Samir Abasov yenə cəzalı olsa da, komandası onun yoxluğunu heç hiss etdirmədi. "Neftçi"nin oyununu izləyərək zövq almamaq sadəcə, mümkün deyildi.

Turun SENSASİYAsı - "Sabah" - "Qarabağ" - 0:4

"Sabah"ın indiki dövründə bu hesabla uduzması çox gözlənilməz oldu. Axı, Ramin Quliyevin baş məşqçi postuna gəlişindən sonra komanda xallarını artıraraq yalnız "Qarabağ"a uduzmuşdu. O da səfərdə 0:2. Ancaq bu dəfə "Sabah" artıq ilk hissədə qapısında 4 top görərək, sürpriz hesabın olmasına gətirib çıxardı.

Turun HAKİMi - Rəşad Əhmədov (2, "Keşlə" - "Sumqayıt" - 0:1)

Bu gənc hakim son vaxtlat mütəmadi təyinat alır və idarəçiliyi artan tempdədi. Kubokun finalçılarının Premyer Liqada bu mövsüm son görüşündə Rəşad Əhmədov üzərinə düşən öhdəsindən layiqincə gəldi. Hər halda, çox yaxşı hakimlik edən Rəşadın təyin etdiyi penalti də doğru idi. 

Turun SİTATı - Qurban Qurbanov ("Qarabağ", 3)

"Qarabağ"ın baş məşqçisi son mətbuat konfransında təkcə matçla yox. klubla bağlı sualları cavablandırdı və bu zaman maraqlı sitatla yadda qaldı ki, Belə ki, 49 yaşlı mütəxəssis tez-tez ortaya atılan "Torpaqlar işğal altında idi deyə, "Qarabağ"a diqqət ayrılırdı" fikri ilə razılaşmadığını, belə şey ola bilmədiyini vurğulayıb: "Klub prezidentimiz Abdulbari Gözəl hər zaman deyib ki, mən var olduğum müddətdə komandanı yaşadacağam, çünki "Qarabağ" dəyərdi".