Azərbaycan Premyer Liqasında 2020/21 mövsümündə XXV tur arxada qaldı. Sport24.az hələ 2017/18 mövsümünün ilk turundan başladığı Turun “ƏNLƏR”i rubrikasıyla yenidən görüşünüzə gələrək​, bu dəfə son turun "simvolik yığması"nı təqdim edir.

Qapıçı: Mateus Albino ("Zirə", 5)

Müdafiəçilər: Qismət Alıyev ("Zirə", 5) - Mamadu Mbodj ("Neftçi", 4) - Ürfan Abbasov ("Səbail", 5)

Yarımmüdafiəçilər: Tiemoko Fofana ("Sabah", 3) - Emin Mahmudov ("Neftçi", 5) - Keysuke Honda ("Neftçi", 2) - Abdullah Zubir ("Qarabağ", 6) - Kevin Kubemba ("Sabah", 3)

Hücumçular: Amil Yunanov ("Səbail", 4) - Fakundo Melivilo ("Zirə", 2)

Turun BAŞ MƏŞQÇİsi - Rəşad Sadıqov ("Zirə", 4)

Liderdən xal almaq, özü də buna səfərdə nail olmaq. Bunu "Zirə" son turda "Qarabağ"la görüşdə reallaşdırdı. "Qartallar"ın baş məşqçisi Rəşad Sadıqov yaxşı tanıdığı, uzun illər kapitanı olduğu komandayla doğma "Azərsun Arena"dakı qarşılaşmada yenə hesabı açan tərəf oldu, ancaq bu dəfə xalsız qalmadı. Sadıqov "Keşlə"ylə ağır, 120 dəqiqəlik yarımfinal matçından sonra sonra futbolçularını daha çətin sınağa yaxşı kökləyə, toparlaya bilmişdi. 39 yaşlı baş məşqçinin start heyəti ilə bağlı seçimi də doğru idi. Sadıqov güclü rəqibə qarşı iki mərkəz hücumçusunu ilk dəqiqələrdən meydana buraxdı ki, onlardan argentinalı Fakundo Melivilo oyun praktikası sarıdan korluq çəksə də, komandasına yekunda xal qazandıran qola imza atdı. 

Turun QƏHRƏMANı - Mateus Albino ("Zirə")

Premyer Liqamızda ən yaxşı qapıçılardan olan braziliyalı Mateus Albino son turda ustalıq səviyyəsini göstərdi. "Qarabağ"ın qol vurmaq üçün yetərincə real imkanı olsa da, yalnız birindən yararlana bildi. Əslində, bunda da Albino ilk zərbəni qaytarsa da, Abdullah Zubir təkrar vuruşda ustalıq səviyyəsi hesabına toru silkələdi. Ancaq meydan sahiblərinin daha artığına ya qeyri-dəqiqlik imkan vermədi, ya da "sambaçı". 

Turun ANTİQƏHRƏMANı - Merab Qiqauri ("Qəbələ") 

Komandanı azlıqda qoymaq əksər vaxt nəticədə mənfi əksini tapır. Biri də var ki, bunu mövsümdə 2-ci dəfə edəsən. "Qəbələ"nin gürcü legioneri Merab Qiqauri cəzası yenicə başa çatmışdı ki, yenidən qırmızı vərəqə aldı. Halbuki, "Səbail"lə səfər matçında 51-ci dəqiqədə bu 2-ci sarı vərəqəylə qovulma qeydə alınmasaydı, qonaqların hətta qələbə şansı yetərincə yüksək idi. Hər halda, qolssuz bərabərliklə nəticələnən ilk hissə "Qəbələ"nin diqtəsiylə keçdi və qonaqlar qol imkanları sarıdan da rəqibini üstələdi. Ancaq Qiqauri ikinci hissənin əvvəlində hər şeyi korladı və bundan az sonra hesabda geri düşən komandası sonda meydandan məğlub ayrıldı. 

Turun KOMANDAsı - "Neftçi" (5)

Turun yeganə böyükhesablı qələbəsi "Neftçi"dən gəldi. "Ağ-qaralar"un qələbəsinin çəkisini artıran amillər var. Əvvəla, komanda cəzalı olan baş məşqçisi Samir Abasovun xidmətindən məhrum idi. İkincisi, bu, ağır keçən, vacib 2 xal itirdiyi "Sabah"la Masazırdakı görüşdən sonra növbəti səfər matçı idi. Üçüncüsü də "Neftçi" bu dəfə "Qarabağ"dan əvvəl oynadığından təzyiq altında idi. Ancaq bütün bunların öhdəsindən gələn flaqman 3 xalı 3 qolla qazandı.

Turun SENSASİYAsı - "Qarabağ" - "Zirə" (1:1)

"Qarabağ" aşkar favorit olduğu bu matçda gözlənilmədən xal itirdi. Düzdür, komanda hesabda geri düşsə də, çox tezliklə bərabərlik qoluna imza atdı. Ancaq bundan artığına nail ola bilmədi. Adətən "Azərsun Arena"da rəqibləri üzərində böyükhesablı qələbə əldə edən "Qarabağ" bu dəfə ümumiyyətlə, qalibiyyət qazana bilmədi. 

Turun HAKİMi - Əliyar Ağayev (7, "Keşlə" - "Neftçi" - 0:3)

Ən yaxşı hakimimiz sayılan Əliyar Ağayev bu turun da fərqlənəni oldu. FİFA referimiz çempionluğa iddialı "Neftçi"nin matçında üzərinə düşən öhdəsindən layiqincə gələrək özünə qarşı heç bir irad yeri qoymadı.

Turun SİTATı - Elmar Baxşıyev ("Qəbələ", 5)

Bu mütəxəssisin mətbuat konfransları uzun çəkməsə də, maraqlı açıqlamaları cari mövsümdə gözləniləndən də artıq olur. Baxşıyev bu dəfə də hakimlərə atmaca etdi: "Baş məşqçilər kimi hakimlər üçün də mətbuat konfransı keçirilsə, yaxşı olar”.