Azərbaycan Premyer Liqasında 2021/22 mövsümündə Xl tur arxada qaldı. Sport24.az hələ 2017/18 mövsümünün ilk turundan başladığı Turun “ƏNLƏR”i rubrikasıyla yenidən görüşünüzə gələrək, son turun "simvolik yığması"nı təqdim edir.
"Simvolik yığma"
Qapıçı: Stanislav Namaşko ("Keşlə", 2)
Müdafiəçilər: Slavik Alxasov ("Sabah") - Ruan Renato ("Qəbələ", 4) - Zurab Oçiqava ("Sabah") - Qismət Alıyev ("Zirə")
Yarımmüdafiəçilər: Coy-Lens Mikels ("Sabah", 3) - Aleksey İsayev ("Sabah", 2) - Ramil Şeydayev ("Qarabağ", 2)
Hücumçular: Rafael Utrix ("Qəbələ", 2) - Davit Volkov ("Zirə", 4) - Ülvi İsgəndərov ("Qəbələ", 3)
Turun BAŞ MƏŞQÇİsi - Elmar Baxşıyev ("Qəbələ", 2)
"Qəbələ" oyunu, nəticələriylə göz oxşamaqda davam edir ki, bunda baş məşqçisi Elmar Baxşıyevin rolu böyükdü. Ən əsas da gənc mütəxəssis qarşılaşmanın müqəddəratını həll edən uğurlu əvəzetməsiylə yenə yadda qalır. Belə ki, 41 yaşlı mütəxəssisin "Sumqayıt"la ev matçınsa hesab 0:0 olarkən meydana buraxdığı hücumçu Ülvi İsgəndərov bundan cəmi 5 dəqiqə sonra hesabı açdı. Bu, matçın qırılma nöqtəsi oldu və 2 dəqiqə sonra 2-ci qolu vuran meydan sahibləri görüşün taleyini böyük ölçüdə həll etdi. Yekunda hesabına növbəti 3 xalı yazan "qırmızı-qaralar" turnir cədvəlində 2-ci pillədəki yerini qorudu.
Turun QƏHRƏMANı - Coy-Lens Mikels ("Sabah")
"Sabah"ın yay transferi olan Coy-Lens Mikels ilk dövrədə qol hesabını belə açmadığı halda, son 3 turda aktivinə artıq 5 qol yazıb. Son turda "Neftçi"ylə səfər matçında isə bu almaniyalı legioner görüşün taleyini təkbaşına həll etdi. Belə ki, komandası fasiləyə hesabda 0:1 irəlidə yollanmışdı və Mikels ikinci hissənin ilk yarısında 16 dəqiqə 2 qol vuraraq komandasına əzmkar qələbə qazandırdı. Bununla 28 yaşlı sol cinah vingeri həm "Sabah"ı tarixində ilk dəfə "Neftçi" üzərində qələbə sevinci yaşatdı, həm də rusiyalı yeni baş məşqçisi Murad Musayevə Azərbaycanda ilk qalibiyyət.
Turun ANTİQƏHRƏMANı - Mamadu Mbodj ("Neftçi", 2)
"Neftçi"nin müdafiə xətti cari mövsümdə uğursuz çıxışıyla yadda qalır ki, burda ən zəif bəndlərdən biri Mamadu Mbodj qalmaqda davam edir. Belə ki. təcrübəli seneqallı mərkəz müdafiəçisi heç də həmişə start heyətdə almır, şans qazananda isə "canlı bomba" olur. Mbodjun ləngliyi, mövqe səhvi rəqiblərinə böyük şans yaradır. Mbodju "Sabah"la ev matçında da məğlubiyyətin əsas səbəbkarlandan biri saymaq olar.
Turun KOMANDAsı - "Sabah"
İlk dövrəni qələbəsiz başa vuran, cəmi 1 xal qazanan "Sabah" ikinci dövrə başlayandan məğlubiyyət nə olduğunu bilmir. Belə ki, komanda bu 4 turda 10 xal toplayıb. Son qələbə isə son çempion üzərində əldə olundu. Murad Musayevin yetirmələri "Bakcell Arena" "Neftçi" üzərində əmzkar qələbəylə yadda qaldı.
Turun HAKİMi - Rəşad Əhmədov (3, "Qəbələ" - "Sumqayıt")
Tura yekun vuran Qəbələdəki matça baş hakim təyin olunan Rəşad Əhmədov etimadi layiqincə doğruldu. Belə ki, milli dərəcəli gənc hakim həlledici anlarda doğru qərarlar verdi. "Qəbələ" hesabı açanda "Sumqayıt"ın futbolçu qol müəllif Ülvin İsgndərovun əllə oynadığına işarə versələr də, videotəkrardan əllə oyundan söhbət belə getmədiyi görünür. Əhmədovun "Sumqayıt"ın təcrübəli mərkəz müdafiəçisi Vurğun Hüseynova son ümid foluna görə birbaşa qırmızı göstərdiyi epidodda da tam haqlı idi.
Turun SENSASİYAsı - "Neftçi" - "Sabah" - 1:2
"Neftçi" bunadək 2 turdu məğlubiyyətləri sıralasa da, nəhayət, buna son qoyacağı gözlənilirdi. Hər halda, həm hazırlaşmağa, toparlanmağa iki həftəlik fasilə vardı, həm də ən əsası, rəqib münasib idi. Axı, "Neftçi" "Sabah"la indiydək keçirdiyi 12 matçın heç birində uduzmamışdı, yalnız 2 dəfə heç-heçəylə xal itirmişdi. Ancaq "Neftçi"nin gözlənilən yox, "Sabah"ın sensasion qələbəsi qeydə alındı.
Turun SİTATı - Ayxan Abbasov ("Sumqayıt", 3)
Cari mövsümdə bu mütəxəssis hələ ki daha çox bu nominasiyada fərqlənir. Bu dəfə isə 40 yaşlı Ayxan Abbasov Qəbələdəki məğlubiyyətdən sonra getmək haqda düşündüyünü və qış fasiləsinədək olacaq 3 matçdan sonra bu haqda düşünəcəyini açıqlayıb: "Bəlkə də vaxtı gəlib, getmək vaxtıdı".