Premyer Liqamızda III dövrə də yekunlaşdı. Sport24.az XXI turun maraqlı məqamlarından ibarət "Top-5"i təqdim edir. 

Rəhimdə 2-ci, çempionatda 200-cü

Premyer Liqamızda növbəti yubiley qolu vurulub. Bu, 200-cü qol olub. Arxada qalan 20 turda 199 dəfə rəqib qapısına yol tapılmışdı və açılış matçında hesab açılmadığından 200-ü gözləmək lazım gəldi. Bu, turun 2-ci görüşü olan "Neftçi" - "Sumqayıt" oyununda reallaşdı. Qonaqların yarımmüdafiəçisi Rəhim Sadıxov artıq 5-ci dəqiqədə adını tabloya yazdırmaqla tarixə düşdü.

Maraqlıdı ki, Rəhim əslində, cari çempionatın ilk qolunun da müəllifi olmalı idi. Ancaq ilk turda avqustun 21-də "Keşlə"ylə matçın 26-cı dəqiqəsində penalti zərbəsindən dəqiq yararlanmamışdı. Nəticədə ilk qolun müəllifi həmin görüşdə millimizin digər üzvü - "Keşlə"nin sol cinah müdafiəçisi Azər Salahlı olmuşdu. Bu, 90+4-cü dəqiqədə oyunda yeganə qol idi. 

50-ci qol da Sumqayıtda vurulub, sadəcə, bu dəfə meydan sahiblərinin futbolçusu fərqlənib. Bəli, onda Sadıxovun özü yubilyar idi ki, adıçəkilən mərkəz yarımmüdafiəçisi oktyabrın 18-də "Zirə"ylə ev matçının (2:1) 30-cu dəqiqəsində penaltidən hesabı açıb. 100-cü qolun müəliifi isə artıq Premyer Liqamızda çıxış etmir. Bu, "Neftçi"nin qış fasiləsində icarəsi müqaviləsiə xitam verdiyi konqolu hücumçu Prins İbaradı. Bu legionerin Azərbaycanda yeganə qolunu vurduğu noyabrın 22-də "Qəbələ"ylə səfər matçının (4:1) 90+4-cü dəqiqəsində qeydə alınıb. 

150-ci qola isə "Qarabağ"ın hücumçusu Mahir Emreli imza atıb. 24 yaşlı hücumçu fevralın 13-də "Neftçi"ylə Tofiq Bəhramov adına Respublika stadionundakı tarixi derbidə (1:2) 57-ci dəqiqədə hesabı 1:1 edərək tarixə düşüb. 

"Neftçi" 8 tur duruş gətirdi

Bu tur lider dəyişikliyi ilə diqqət çəkib. Belə ki, "Neftçi" uzun fasilədən sonra 1-ci pilləni əldən verib. Bu, "Sumqayıt"a ev məğlubiyyətindən sonra reallaşıb. Əslində, "Qarabağ" da bu tur qalib gələ bilmədi və məğlubiyyətə çox yaxın idi. Bu halda şəxsi oyunların nəticələrinə görə "ağ-qaralar" yenə zirvədə qalacaqdı. Ancaq "Qarabağ"ın afrikalı legioneri Patrik Andrade 90+2-ci dəqiqədə 11 metrlik cərimə zərbəsindən sonra topu qapıya göndərməklə həm komandasını məğlubiyyətdən xilas etdi (1:1), həm də 1-ci pilləyə daşıdı. 

Qurban Qurbanovun yetirmələri liderliyi XII turda əldən vermişdi. Bu, "Qəbələ"ylə səfərdəki xal itkisindən sonra gerçəkləşmişdi. Əslində isə "Qarabağ" bu matçda qalib gəlməli idi. Çünki həm hesabda irəlidə idi, həm də say üstünlüyündə. Ancaq "Qəbələ" 10 nəfərlə bərabərlik qoluna vura bildi - 1:1. "Neftçi" isə "Sabah"ı səfərdə 2:0 hesabıyla məğlub edərək, 1-ci pilləni ələ keçirmiş və bundan sonra heç kimə verməmişdi.

Samir Abasovla Premyer Liqada ilk ev məğlubiyyəti

"Neftçi"ylə davam edərək, Samir Abasovun baş məşqçiliyi dövründə Premyer Liqada ilk ev məğlubiyətini aldığını qeyd edək. Bəli, bunadək həmin "Bakcell Arena"da uduzmuşdu. Ancaq bu, Kubokda baş vermişdi - "Zirə"yə 0:1. Abasov çempionatda da "Neftçi"ylə yeganə məğlubiyyətini həmin rəqibdən həmin hesabla alıb. Sadəcə, bu, səfərdə olub. 

"Neftçi"nin bu mövsüm nə məğlub edə, nə də qol vura bilmədiyi 2 rəqib var ki, bunların Abasovun keçmiş komandalarının olması maraqlı məqamdı. Təbii ki, söhbət "Zirə" və "Sumqayıt"dan gedir. "Gənclik şəhəri"nin təmsilçisiylə ilk 2 matç sabiq baş məşqçi Füzuli Məmmədovun vaxtında olmuşdu. Onda da "Bakcell Arena"da 0:2 hesablı məğlubiyyət, onda da "bir aktyorun tamaşası" olmuşdu. Sadəcə, söhbət dubla imza atan millimizin digər üzvü - hücumçu Əli Qurbanidən gedir. Sumqayıtda isə qolsuz bərabərlik olmuş, üstəlik, meydan sahibləri penaltini qaçırmışdı. 

"Ağ-qaralar"ın Premyer Liqada bunadək son ev məğlubiyyəti məhz Məmmədovun vaxtında olmuşdu. Bu, IX turda "Qarabağ"a 0:6 hesabıyla ağır yenilgi idi ki, həmin nəticədən sonra baş məşqçi istefası baş vermişdi. 

"Sabah" 101 gündən...

"Sabah" 10 oyunluq qələbəsiz seriyasına son qoyub. Bu, "Qəbələ"ni 1:0 hesabıyla yendiyi ev matçında gerçəkləşib. Bununla da eyni zamanda müvəqqəti baş məşqçi təyin olunan, cari mövsümün sonunadək bu vəzifəni icra edəcək Ramin Quliyev Premyer Liqada ilk qələbəni qazanıb.

"Sabah" son qələbəsini qış fasiləsi ərəfəsində qazanmışdı. Bu, XIII turda - 2020-ci ilin dekabrın 24-də "Sumqayıt"ı səfərdə 2:1 hesabıyla məğlub edəndə baş vermişdi. Həmin vaxt baş məşqçisi ispaniyalı Visente Qomes olan komanda uğursuzluq zolağı yaşayaraq Premyer Liqada son pilləyə də düşmüş, hətta Kubokda I Divizion təmsilçisi "Kəpəz"ə evdə uduzaraq (1:2) mübarizəni dayandırmışdı. "Sabah" növbəti qələbəsini 101 gün gözləməli oldu və son pilləni "Keşlə"yə təhvil verdi.

Qələbəsiz seriyada bu çempionatın antirekordu də məhz "Keşlə"yə məxsusdu. Bu komanda artıq 12 turdu qələbə nə olduğunu bilmir. "Keşlə" son dəfə buna IX turda "Qəbələ"ni 3:1 hesabıyla məğlub edəndə nail olub.

...Şeydayev 155 gündən sonra sevindi

Ramil Şeydayev uzun fasilədən sonra Premyer Liqada start heyətində yer almaqla öz sözünü dedi. Belə ki, “Sabah”ın hücumçusu “Qəbələ” ilə ev matçında 147 günlük fasilədən sonra ilk dəqiqələrdən meydana çıxıb. 

Şeydayev son dəfə IX turun noyabrın 8-də “Zirə” ilə görüşündə (0:1) əsas heyətdə oyuna girmişdi. Bundan sonra daha çox ehtiyatda qalan, hətta əvəzedici komandada da meydana çıxan Ramil dönüşüylə qol həsrətini bitirdi. Belə ki, millimizin 25 yaşlı hücumçusu yeganə qola imza ataraq komandasının 3 aydan davam edən qələbə həsrətini bitirdi. 

Şeydayev 4 qolla "Sabah"ın cari çempionatda bombardiridi. Maraqlıdı ki, o, bunlardan 3-nü məhz "Qəbələ"yə vurub. Yəni, Ramil hər dövrədə bu komandanın qapısına yol taparaq "Qəbələ"şünas olub. Şeydayev daha bir dəfə "Səbail"i məyus edib. Ramil son qolunu da məhz "Qəbələ"yə vurub. Bu, ikinci dövrənin ilk turunda Qəbələdə 1:2 hesabıyla uduzduqları matçın 81-ci dəqiqəsində təsəlli qolu idi. Şeydayev 155 gündən sonra qol sevinci yaşadı.