Premyer Liqamızda IV tur arxada qaldı. Sport24.az turun məqamlarından ibarət "Top-5"i sizə təqdim edir:

 

Meydan sahibəri üçün ən uğurlu tur

Tur meydan sahibləri üçün uğurlu oldu. Hər halda, 4 matçdan 3-də qələbə qazanan ev sahibləri yalnız 1-də xalları böldülər.  Bu, 1:1 hesabıyla nəticələnən "Zirə" - "Sabah" qarşılaşmasında baş verdi. Yəni, əsas məqam odur ki, onlar bu turda uduzmadılar. Bu isə cari çempionatda ilk dəfədi. 

İlk tur meydan sahibləri üçün çox uğursuz alınmışdı - 2 heç-heçə, 2 məğlubiyyət. Bundan sonrakı turda ev sahibləri 3 matçda qalib gəlsə, məğlubiyyəti də oldu. Nəhayət, III turda meydan sahibləri cəmi 1 dəfə qələbəni bayram edərək, qalan 3-də uduzmuşdu. 

Son dəfə ev sahiblərinin məğlubiyyətsiz turu keçən çempionatda XXIII turda olmuşdu. Sadəcə, onda 2 qələbə, 2 heç-heçə qeydə alınmışdı.

 

Ən məhsuldar matç ən böyükhesablı qələbə gətirdi

Bu turla bağlı digər ilk ən çox məhsuldarlıqla bağlıdı. Belə ki, 4 matçda 12 qol qeydə alındı - 1 oyuna orta hesabla 3 qol. Bunadək ən çox qol II turda vurulmuşdu - 11 qol. İlk turda 9, sonrakılarda müvafiq olaraq 11 və 8 qol olub. 

Ən məhsuldar oyun, ən böyükhesablı qələbə də məhz bu turda baş verdi. Bu, "Qəbələ"nin "Səbail"in 5:0 hesabıyla məğlub etdiyi ev matçıdı. Bunadək ən çox qol (4 qol) da "qırmızı-qaralar"ın iştirakıyla olmuşdu - ilk turda "Neftçi"ylə "Bakcell Arena"da 2:2. Ən böyükhesablı qələbə isə məhz "Səbail"in iştirakıyla olan görüşdə qeydə alınmışdı. Bu, II turda "Qarabağ"ın "Azərsun Arena"da 3:0 hesabıyla qalib gəldiyi qarşılaşmadı. 

Onu da bildirək ki, bu turda 2 böyükhesablı qələbə qeydə alındı. Digərində "Neftçi" evdə "Keşlə" 3 cavabsız qolla üstələdi.

 

4 tura 4 dubl - son 3-ü "Qarabağ"dan

Bu çempionatda dubl baxımından bolluqdu. Hər halda, ardıcıl 4-cü turdur buna nail olan futbolçu olur. Özü də hər biri fərqli adlardı. Bu dəfə dubl müəllifi artıq millimizin də üzvü olan "Qarabağ"ın əslən xorvatiyalı olan yarımmüdafiəçisi Filip Ozobiçdi. 30 yaşlı yarımmüdafiəçi "Sumqayıt"la ev matçında 1-i penaltidən olmaqla 2 dəfə fərqləndi. 

Maraqlıdı ki, son 3 turda dubla imza atanlar bir qayda olaraq "Qarabağ"lılardı. İkinci turda hücumçu Musa Qurbanlı "Səbail"ə evdə, sonrakında seneqallı həmkarı İbrahima Vadji səfərdə "Neftçi"yə 2 qol vurdu. İlk turda isə Rəhim Sadıxov "Keşlə"ylə səfər görüşündə dubl etmişdi.

 

Üç qolla üçhakimiyyətlilik

Çempionatın bombardirlər cədvəlində yenidən üçhakimiyyətlilik yaranıb. Belə ki, həmin Ozobiç və "Qəbələ"nin hücumçusu Ülvi İsgəndərov "Zirə"nin gürcü forvardı Davit Volkova çatıblar - hərəyə 3 qol. Burda maraqlı məqam ondadır ki, Ülvi buna heç bir 90 dəqiqə meydanda olmamaqla nail olub. Belə ki, İsgəndərli hər 3 halda sonradan meydana çıxaraq səfərdə "Neftçi"ylə "Sabah"ın və nəhayət, Qəbələdə "Səbail"in qapısına yol tapıb. Üst-üstə götürəndə Ülvi cəmi 56 dəqiqə çıxış edib və belə yüksək məhsudarlıq göstərib.

Özü də onu vurğulayaq ki, "Qəbələ" yay fasiləsində yollarını ayırdığı futbolçuar arasında İsgəndərovun da olduğunu açıqlamışdı. Ancaq sonradan fikrindən daşınan "qırmıız-qaralar" 24 yaşlı yetirməsinə bir daha şans verməyi qərara aldı. Göründüyü kimi, gənc hücumçu da klubunun üzünü ağ edir.

 

Qol vurmayan qalmadı, xal qazanmayan isə...

Cari çempionatda qol vurmayan komanda qalmadı. Buna son olaraq "Sabah" nail oldu. Ramin Quliyevin komandası bunu "Zirə"ylə səfər matçının 83-cü dəqiqəsində xorvatiyalı yeni transferi Şpiro Periçiçlə qoluyla reallaşdırdı. Düzdür, bu mərkəz müdafiəçisinin qolu mübahisəli sayılsa da, hər halda, tarixdə qaldı və nəticə ləğv olunan deyil. 

Maraqlıdı ki, "Sabah" son qolunu da məhz "Zirə"yə vurmuşdu. Bu, keçən çempionatın son turunda evdə 2:1 hesabıyla qlaib gəldiyi görüşdü ki, onda paraqvaylı hücumçusu Xulio Sezar Rodriges 89-cu dəqiqədə qələbə topuna imza atmışdı. Məlumdu ki, bu legioner hələ Tiflis toplanışında aldığı zədəyə görə cari çempionatda debüt belə eləməyib. "Sabah"ın qolsuzluq seriyası ümumilikdə 444 dəqiqə davam edib.

İlk qol "Sabah"a ilk xal da gətirdi. İndisə xaslız bir komanda qaldı ki, bu da 4 oyuna 4 məğlubiyyət alaraq son pilləyə düşən Azərbycan Kubokunun son qalibi "Keşlə"di.