Premyer Liqamızın XIII turu bir sıra maraqlı məqamlaarla yadda qaldı. Sport24.az onlardan "Top-5"i təqdim edir.

 

8-ci qış çempionluğu

Bir 6 nəfər və açıq hava şəkili ola bilər

"Qarabağ" sona 1 tur qalmış qış çempionluğunu rəsmiləşdirib. Belə ki, turnir cədvəlinə başçılıq edən Qurban Qurbanovun komandası ən yaxın izləyicisi "Qəbələ"ni 5 xal qabaqladığından artıq əlçatmaz olub. 

Bu, Ağdam klubunun 1992-ci ildən keçirilən bütün milli çempionatlarımızda 8-ci qış çempionluğudu. Bunadək 2004/05, 2013/14. 2014/15, 2015/16, 2016/17, 2017/18 və 2019/20 mövsümlərində də belə nəticə olub. "Qarabağ" yalnız ilk qış çempionluğunda sonda qalib olmayıb. Digər qış çempionluqları isə Qurban Qurbanovun baş məşqçiliyi dövründə olub ki, yekunda da 1-cilik qazanılıb. Yalnız 2018/19 mövsümünün çempionluğunda Qurbanovlu "Qarabağ" qış çempionu olmayıb ki, buna onda "Neftçi" yiyələnib. Yeri gəlmişkən, "ağ-qaralar" keçən mövsümdə də qış çempionu olaraq sonda da hamıdan irəlidə olub.

 

"Qarabağ"da legionerlərin fərqi

Bu göstəriciyə də "Qarabağ" imza atıb. Daha doğrusu, legionerləri - fransalı yarımmüdafiəçi Abdullah Zubirlə seneqallı hücumçusu İbrahima Vadji. Belə ki, onlar son turda evdə "Sabah"ı 5:1 hesabıyla məğlub etdikləri matçda dubllarıyla qələbədə əsas pay sahibi olublar.

Burda əsas məqam bir oyunda bir komandadan iki futbolçunun dubla imza atmasıdı. Bunadək cari çempionatda belə göstərici qeydə alınmamışdı. Zubirlə Vadji isə bu mövsümdə dubl müəllifləri olduqlarından hesablarına 2-cini yazıblar. Amma bu göstəricidə onlar tək deyillər.

 

Heç-heçə etməyən qalmadı

Cari çempionatda heç-heçə etməyən komanda qalmadı. Bunu son olaraq "Səbail" reallaşdırdı. Belə ki, "dənizçilər" XIII turda "Keşlə" ilə səfər matçında hesabda 0:2 geridə olsalar da, əzmkar bərabərliyə nail olublar. 

"Səbail" daha əvvəlki 12 qarşılaşmanın 3-də qələbə qazanıb, 9-da isə məğlub olub. Paytaxt təmsilçisi turnir cədvəlində 10 xalla sonuncu - 8-ci pillədə qərarlaşıb. Onu da bildirək ki, "dənizçilər"in son bərabərliyi keçən çempionatın XXIII turunda - aprelin 16-da evdə "Qarabağ"la 1:1 etmişdi. 

 

Antirekordçu afrikalı

"Səbail"in bu nəticəsində "Keşlə"nin legioneri Anatole Abanq böyük rolu oldu. Belə ki, kamerunlu hücumçu hesaabı 2:0 edəndən sonra qırmızı vərəqə alaraq komandasını azlıqda qoydu və qələbəni əldən vermələrinin əsas səbəbkarı oldu. Burda əsas məqam budu ki, Abanq bu çempionatda 2-ci dəfə qırmızı vərəqə alan ilk futbolçu kimi antirekordçu oldu. 25 yaşlı forvard daha əvvəl III turda "Zirə"ylə ev matçında meydandan qovulmuşdu. Onda sonluq "Keşlə" üçün lap pis olmuşdu. Belə ki, Anatole hələ ilk hissədə birbaşa qırmızı vərəqə alanda hesab açılmamışdı və komandası 10 nəfərlə qalandan sonra 2 qol buraxaraq uduzdu.

 

"Sabah"ın seriyası qırıldı

İkinci dövrədə uduzmayan yeganə komanda olan "Sabah"ın seriyası qırıldı. Özü də paytaxt təmsilçisi məğlubiyyəti darmadağınla aldı - 1:5. Maraqlıdı ki, son məğlubiyyət də məhz "Qarabağ"dan olmuşdu. Sadəcə, ondakı ev matçında baş məşqçi Ramin Quliyev idi və ilk dövrənin son turunda 1:2 hesablı məğlubiyyət olmuşdu. Bundan sonra 40 yaşlı mütəxəssis öz istəyilə postundan getdi və İqor Ponomaryov baş məşqçi əvəzi kimi 6, rusiyalı yeni baş məşqçi Murad Musayev isə 7 xal toplamışdı.