Premyer Liqamızda XII tur arxada qaldı. Sport24.az turun maraqlı məqamlarından ibarət "Top-5"i təqdim edir. 

 

Çempionluğunu əldən verəndən sonra ilk dəfə

"Qarabağ" cari çempionatda ilk dəfə meydanı qolsuz tərk edib. Bu, "Qəbələ"ylə səfər matçında 0:0 hesablı bərabərliklə reallaşıb. Qurban Qurbanovun komandası aktivində olan 23 qol sayını bu dəfə artıra bilməyib.

Ağdamıların çempionatda son dəfə qol vura bilməməsi 7 illik hegemonluğuna son qoyulanda olmuşdu. Bu, keçən çempionatın axırıncı turunda "Neftçi"ylə "Dalğa Arena"da 0:1 hesabıyla uduzduğu matç idi. 

Məlumdu ki, Ağdam klubu avrokuboklarda da yeganə təmsilçimizdi və Konfrans Liqasını da nəzərə alsaq, artıq 23 matç keçirib. Maraqlıdı ki, "Qarabağ" bu turnirdə debütündə də, qrupda "siftə"sində də Bakıda 0:0 edib - İsrail "Aşdod"uyla Tofiq Bəhramov adına Respublika stadionunda və İsveçrə "Bazel"iylə Bakı Olimpiya Stadionunda.

 

Yeni antirekordçu - "Sumqayıt"

“Sumqayıt” cari mövsümün antirekordunu rəsmiləşdirib. Belə ki, "gənclik şəhəri”nin təmsilçisi hamıdan çox darmadağın olan komandadı. Ayxan Abbasovun yetirmələri artıq 3-cü dəfə üç və ya daha çox top fərqi ilə uduzub. Bu, son olaraq "Zirə"yə "Kapital Bank Arena"da 0:3 hesablı məğlubiyyətlə reallaşıb.

"Sumqayıt" bunadək 2 darmadağın alan “Səbail”i keçib, “Neftçi” və “Keşlə” hərəyə bir dəfə bu aqibətlə üzləşib. Beləliklə, bu mövsümdə 7-ci darmadağın qeydə alınıb. 

Bu, "Zirə"nin ilk böyükhesablı qələbəsidi. Rəşad Sadıqovun yetirmələri cari mövsümdə darmadağın sevinci yaşayan 5-ci komandadı. “Qarabağ” hamıdan çox – 3 dəfə buna nail olub. “Sabah”, “Neftçi” və “Qəbələ” hərəyə 1 belə uğura imza atıb.

Mövsümdə 2-ci dəfə böyükhesablı qələbəni qonaqlar bayram edib. Öz meydanında darmadağın olan yeganə komanda isə məhz “Sumqayıt”dı. Bunadək Sumqayıtda son matçda "Qarabağ" 4:0-a imza atmışdı.  

 

"Neftçi" 35 günlük "qara günü" bitdi

"Neftçi" məğlubiyyət seriyasına son qoyub. Belə ki, son çempion son 3 turda bir qayda olaraq uduzurdu - səfərdə "Qarabağ"a 0:4, "Keşlə"yə 2:3, evdə "Sabah"a 1:2. Samir Abasovun komandası son dəfə VIII turda evdə "Zirə"ni 2:1 hesaabıyla yenmişdi. Bu görüşün oktyabrın 23-də, "Səbail" üzərində həmin "Bakcell Arena"dakı 1:0-lıq qələbənin noyabrın 27-də baş verdiyini nəzərə alsaq, "ağ-qaralar"ın uğursuz seriyası 35 gün çəkib.

Bundan əlavə, "Neftçi" avrokubokları da nəzərə alsaq, yubiley - 20-ci matçında yalnız 2-ci dəfə qapısını toxunulmaz saxlaya bilib. "Siftə" IV turda sentyabrın 19-da "Keşlə"ni evdə 3:0 hesabıyla yenməklə reallaşmışdı.

 

Qurbanov Qurbanı tarixə saldı

Cari çempionatda ən gənc debüt gerçəkləşib. Bu, "Keşlə"də əvəzedici komandanın üzvü Qurban Səfərovla olub. Belə ki, bu komandanın baş məşqçisi Sənan Qurbanovun "Sabah"a səfərdə 1:2 hesabıyla uduzduqları matçın 74-cü dəqiqəsində meydana buraxdığı bu gənc yarımmüdafiəçi 2004-cü il təvəllüdlüdü. Bunadək ən gənc debütant "Zirə"nin və millimizin müdafiəçisi Cəlal Hüseynov idi ki, o, 2003-cü il təvəllüdlüdü. 

Onu da bildirək ki, bunadək Premyer Liqamızda 2004-cü il futbolçu debütü olub. Bu, "Sumqayıt"da yarımmüdafiəçi Sənan Ağayevlə olub. Baş məşqçisi Ayxan Abbasov ona şans verəndə, daha gənc - heç 17 yaşı tamam olmamış idi. Bu, keçən mövsümün XV turunda "Səbail"i evdə 3:0 hesabıyla udduqları maçtda baş verib. Sənan 90+2-ci dəqiqdə Xəyal Nəcəfovu əvəzləyib. Ağayev 90+5-ci dəqiqədə "Səbail"in təcrübəli qapıçısı Kamran Ağayevlə toqquşmadan sonra onun birbaşa qırmızı vərəqə almasına səbəbkar olub. 

 

Sadıqovun yubileyində ilk

"Zirə" 2-ci mövsümdü baş məşqçisi olan Rəşad Sadıqovun dövründə Premyer Liqada ilk böyükhesablı qələbəsini qazanıb. Bu, "Sumqayıt"ı səfərdə 3:0 hesabıyla məğlub etməklə reallaşıb. İlk darmadağın 39 yaşlı mütəxəssisin "Zirə"də çempionatda yubiley - 40-cı matçına təsadüf edib. Sadıqov "qartallar"da bunadək böyükhesablı qələbəyə Azərbaycan Kubokunda debütündə - "Qaradağ Lökbatan"ı səfərdə 4:0 hesabıyla yenəndə nail olmuşdu.  

"Zrə" Premyer Liqasını böyükhesablı qələbəsini yarımçıq qalan 2019/20 mövsümündə nail olmuşdu. Bu, Zaur Həşimovun baş məşqçilyi dönəmində - 2019-cu ilin dekabrın 8-də evdə "Səbail"i 4:1 hesabıyla məğlub etməklə baş vermişdi.