Premyer Liqamızda son dövrə də start götürdü. Sport24.az XXII turun məqamlarından ibarət "Top-5"i diqqətinizə çatdırır.

"Sülhsevər" tur və...darmadağın

Bu tur "sülhsevər"liyi ilə diqqət çəkdi. Belə ki, 4 matçdan 3-də bərabərlik qeydə alındı. Qalib yalnız bağlanış matçında müəyyənləşdi ki, lider "Qarabağ" "Sumqayıt"ı evdə böyük hesabla məğlub etdi - 4:1.

Son dəfə bu sayda heç-heçə XII turda olmuşdu. Belə ki, onda 2 görüşdə 1:1 hesablı, 1-də qolsuz bərabərlik qeydə alınmışdı. Yalnız "Sumqayıt" - "Qəbələ" oyunu ististna təşkil etmişdi ki, onda qonaqlar minimal hesablı qələbəyə sevinmişdi. İndisə 1:1 olmamış, 2 qarşılaşma 0:0, 1-i 2:2 hesabıyla nəticələnmişdi. Yeri gəlmişkən, bu çempionatda bir turda iki qolsuz bərabərlik ilk dəfə deyil olur. Bu, ikinci dövrənin ilk turunda da baş vermişdi ki, onda "Sumqayıt" - "Neftçi" və "Zirə" - "Səbail" matçlarında hesab açılmamışdı. 

Samir Abasovun vaxtında ilk dəfə

"Neftçi" baş məşqçisi Samir Abasovun vaxtında Premyer Liqada ilk dəfə ardıcıl 2 tur qələbə üzünə həsrət qaldı. Belə ki, keçən tur evdə "Sumqayıt"a 0:2 hesabıyla uduzan "ağ-qaralar" bu dəfə Qəbələdən məhsuldar heç-heçəylə qayıtdı - 2:2. 

Cari çempionatda ilk belə hal Abasovun sələfi Füzuli Məmmədovu dövründə olmuşdu. Söhbət ikinci dövrənin ilk 2 turundan gedir ki, onda "Sumqayıt"la səfərdə qolsuz bərabərlik, "Qarabağ"a evdə 0:6 hesablı məğlubiyyət qeydə alınmışdı. Bu ağır yenilgidən sonra Məmmədov istefa verərək postundan ayrılmış, Abasov bu vəzifəyə gələrək həmin Qəbələdə debütündə qələbəni böyük hesabla qazanmışdı - 4:1.

"Qəbələ" ilk dəfə "Neftçi"yə qarşı bunu bacarmadı

"Neftçi"nin "Qəbələ"ylə duelləri ilə davam edərək, qeydə alınan ilki diqqətinizə çatdıraq. Belə ki, "qırmızı-qaralar" Premyer Liqada bir mövsüm 4 oyun keçirildiyi vaxtda ilk dəfə "ağ-qaralar"ı məğlub edə bilmədi. Məlumdu ki, 2009/10 mövsümündən bu yana çempionat 4 dövrədən ibarətdi. Bu müddətdə "Qəbələ"nin "Neftçi" üzərində minumum bir qələbəsi olurdu. Sadəcə, burda bəzi istisnalar var. Əvvəla, "Qəbələ" 2010/11 mövsümündəToni Adamsın baş məşqçilyi vaxtında, çempionat "altılıq" sistemiylə keçiriləndə 7-12-ci yerlər uğrunda mübarizə aparmalı oldu. "Neftçi" isə ilk "altııq"da yarışdığından, komandalar yalnız ilkin mərhələdə 2 dəfə üzləşdilər və onda əyalət təmsilçisi qalib gələ bilmədi. Bir də keçən mövsümə toxunmalıyıq. Çünki onda mövsüm koronavirusa görə yarımçıq dayandırıldığına görə komandalar uzağı 3 dəfə görüşdülər. Onda da "Qəbələ"nin qələbəsi olmadı. Yəni, hazırkı baş məşqçi Elmar Baxşıyevlə hələ "Neftçi"ni məğlub etmək mümkün olmayıb. 

Zubir üçün yenə "Sumqayıt", yenə "Azərsun Arena"

"Qarabağ"ın legioneri Abdullah Zubir cari çempionatda 2-ci dubla imza atıb. Bu, fransalı sol cinah yarımmüdafiəçinin "Sumqayıt"a evdə 4:1 hesabıyla qalib gəldikləri matçın 45+1 və 71-ci dəqiqəsində fərqlənməsiylə reallaşıb. Maraqlıdı ki, Zubirin bu mövsümdə ilk dublu məhz bu rəqibi "Azərsun Arena"da darmadağın etdikləri görüş olub. Bu, X turda 6:1 hesablı qələbəni bayram etdikləri matçdı. Onda Zubir 34 və 89-ci dəqiqələrdə "Sumqayıt"ın qapıçısı Mehdi Cənnətovu topu tordan çıxarmağa məcbur etmişdi. 

Bunadək cari çempionatda ən azı 2 dubl edənlər daha çox "Qarabağ"lılardı. Belə ki, hücumçu Mahir Emrelinin hesabında 3, xorvatiyalı yarımmüdafiəçi Filip Ozobiçdə 2 dubl var. Dubllarda rekord isə 14 qolla Premyer Liqamızın bombardiri olan "Neftçi"nin yarımmüdafiəçisi Namiq Ələsgərova məxsusdu - 4. 

Yeni antirekordçu

"Səbail" cari çempionatda qırmızı vərəqə baxımından yeni antirekordçu olub. Belə ki, "dənizçilər"də 5-ci qırmızı vərəqə qeydə alınıb. Bu, "Sabah"la səfər matçının 90+2-ci dəqiqəsində 2-ci sarı vərəqəyə görə meydandan çıxarılan müdafiəçi Məqsəd İsayevdi. Aftandil Hacıyevin komandasında belə ağır cəzalandırılan digər futbolçular qapıçı Kamran Ağayev, müdafiəçi Adil Nağıyevlə Peyman Keşavarz və yarımmüdafiəçi Ruslan Hacıyev olub. Onlardan Kamranla Ruslan birbaşa qırmızı vərəqə almaları ilə seçiliblər.

Maraqlısı budu ki, qış fasiləsinədək "Səbail"də meydandan qovulan yalnız bir futbolçu - Nağıyev olmuşdu. Ancaq bu il intizamsızlıq kəskin artıb. Özü də "Səbail"də bir turda - "Sumqayıt"la səfər görüşündə birdən-birə 2 qırmızı olub. Bunlar həmin Ağayevlə artıq müqaviləsi pozularaq komandanın futbolçusu olmayan iranlı legioner Keşavarzdı.

Onu da bildirək ki, "Səbail" bunadək 4 qırmızı vərəqəylə antirekordçu olan "Neftçi"ni arxada qoyub.