Türkiyə milli komandasının Avropa çempionatı üçün hazırlıq proqramı açıqlanıb. Sport24.az xəbər verirki, bu barədə açıqlama verən yığmanın baş məşqçisi Şenol Günəş 18-19 mayda liqalarda çıxışlarını başa vuran oyunçularla toplaşacaqlarını söyləyib: "Digər futbolçular 3-4 gün sonra qoşulacaq. Planlarımızı bir mövsüm əvvəl qurmuşuq. Pandemiyadan əvvəl hazırlıq prosesi, təşkilatçılıq və yoldaşlıq görüşlərini planlaşdırmışdıq. Mövsüm başa çatandan sonra futbolçuların tətil istəyi də olacaq. Onların sıx oyun qrafiki, pandemiyanın gətirdiyi çətinliklərlə baş tutan liqadan sonra istirahət etməyə ehtiyacları var. Bu, fiziki və zehni istirahət olacaq".

69 yaşlı mütəxəssis futbolçuların ailələrinin də toplanışa qatıla biləcəyini istisna etməyib: "Təbii ki, burda pandemiya şərtləri önəmli rol oynayacaq. Hazırlığın əsas hissəsi yoldaşlıq görüşləri ilə başlayacaq. Mayın 27-də və 30-da oyunlarımız var. İyunun 2-də Almaniyada toplanışa gedəcək, iyunun 10-da isə İtaliyaya yollanacağıq. Daha sonra Azərbaycana gedib, orada iki görüşə çıxacaq. Pandemiya səbəbindən bəzi şeylər və matçların yeri dəyişə bilər. Futbolçularımıızn son matçlarda koronavirusa yoluxmasından narahatlıq hiss edirəm. AVRO-2020-dən əvvəl zədələrdən və yeni yoluxma hallarının aşkarlanmasından ehtiyat edirik"..

Qeyd edək ki, Türkiyə yığması Uels və İsveçrə yığmaları ilə qrup matçlarını Bakı Olimpiya Stadionunda keçirəcək. Bundan əlavə, Şenol Günəşin komandasının mayın 27-də Antalyada millimizlə yoldaşlıq görüşü də olacaq.