"Sumqayıt"la son oyunda avtoqolla yadda qalan "Turan Tovuz"un kapitanı Şəhriyar Əliyev Sport24.az-ın əməkdaşının suallarını cavablandırıb. 

 


- "Sumqayıt"la oyunda nə alınmadı ki, böyük hesabla məğlub olduz?
- Oyuna pis başlamamışdıq. Əlimzə düşən fürsətlərdən yararlana bilmədik. Nəticədə acınacaqlı qollar buraxdıq. Fasilədən sonra toparlanıb irəli atıldıq. Rəqibin qapısı önündə qol epizodları yaxalasaq da, ancaq birini reallaşdıra bildik. Fikrimcə, bərabərlik qolunu vursaydıq, oyunun axarı başqa cür olacaqdı. "Sumqayıt" isə hücuma aludəçiliyimizdən maksimum yararlanaraq daha 2 qol vurub qalib gəldi.


- Sən isə avtoqolla yadda qaldın...   
- Ani şansızlıq oldu. Məqsədim rəqib futbolçunun həmləsini dəf etmək idi. Zərbə elə alındı ki, ayağıma dəyib qapımızın uzaq küncünə daxil oldu. Əlbəttə belə qollar buraxmaq adamı üzür.


- Bir müddət zədə səbəbindən yaşıl meydandan kənarda qalmışdın. Hazırda vəziyyət necədi?
- Şükürlər olsun, hər şey qaydasındadı. Zədəmi sağaltmışam.


- Qələbə qazansaydız turnir cədvəlində ən azı 2 pillə irəliləyəcəkdiz. "Doma divarlar" arasında böyük hesablı məğlubiyyət kollektivdə psixoloji gərginlik yaratmayacaq?
- Belə düşünmürəm. Elə oyunlarımız olub ki, meydanda ağalıq edən biz olsaq da, sonda məğlub olmuşuq. Uduzmaq hələ faciə deyil. Nəzərə alaq ki, məğlubiyyətlər də bizi inkişafa aparır. Ən azı buraxdığımız səhvlərdən nəticə çıxardırıq.  


- Avrokuboklara gedən yolda ciddi zərbə aldız. Sona 5 tur qalıb qitəmiqyaslı yarışlara vəsiqə qazanmaq çətin olmayacaq?
- Hələ heç nə bitməyib. Şansımız qalır. 5 turda çox şey dəyişə bilər. Komandalar arasında xal fərqi böyük deyil. Odur ki, qarşıdakı 5 oyunda maksimum nəticə qazanmağa köklənəcəyik.

ABDULLA İSMAYILOĞLU