"Oser faciəsi"nin təkrarlanacağı ehtimalı azdır". Bu sözləri Sport24.az-a açıqlamasında Tural Əsgərov deyib.
Tanınmış menecer milli komandamızın Fransa və Ukrayna ilə oyunlarından gözləntilərini açıqlayıb:
"Fərqi yoxdur Azərbaycan və ya bizdən də zəif olan San Marino, Malta olsun, müasir futbolda 2 rəqəmli hesablar nadir hallarda qeydə alınır. Ehtimal var, ancaq çox cüzidir. Rəqibin heyətindəki itkilər yığmamıza kömək də ola bilər, problem də yaradar. Bəlkə də hansısa önəmli futbolçu bu matça motivasiyasız çıxacaq, amma onun əvəzinə biri motivasiyalı olacaq. Bəzən oyunda məcburi əvəzetmə olur, aparıcı futbolçunun yerinə başqası oynayır və qarşılaşmanın taleyini həll edir. Fransa və Ukrayna ilə qarşılaşamadan neçə xal qazana bilərik? Şans həmişə var. Futbolda ən gözlənilməz hesablar da qeydə alınır. Real danışsaq, qarşıdakı iki oyunda xal qazanmaq ehtimalımız sıfırdır. Tutaq ki, Fransa ilə oyunda sensasiya oldu. Bir xal qazandıq və ya minimal hesabla uduzduq. Bu bizim üçün heç bir əhəmiyyət kəsb etmir. Futbolumuzdakı vəziyyəti dəyişmək istəyiriksə, birmənalı şəkildə uşaq futbolunu inkişaf etdirməli, akademiyaları gücləndirməliyik. Problemlər bilirsiz nədir? Ordakı problemləri müəyyənləşdirmək çətindir. Çox adamdan soruşun, sizə başa sala bilməyəcək ki, niyə başqa ölkədə yetişir, bizdə yox. Bunlar aşkarlanmalıdır, sonra da üzərində iş getməlidir. Milli komanda bu gün uduzacaq və ya uduzmayacaq, mənim üçün heç maraqlı deyil".
Qeyd edək ki, Fransa - Azərbaycan görüşü bu gün "Park de Prens" stadionunda, Bakı vaxtı ilə saat 22:45-də başlayacaq.