“Qəbələ” Premyer Liqanın 15-ci turu çərçivəsində “Sumqayıt”la üz-üzə gələcək.

Sport24.az xəbər verir ki, Sumqayıtda baş tutacaq qarşılaşma iki rəqib arasında 44-cü duel olacaq. 

Komandalar indiyədək 43 dəfə qarşılaşıb. “Qırmızı-qaralar” əvvəlki matçlarda böyük üstünlüyə malikdir. Hesabında 25 qələbə olan “Qəbələ” 13 bərabərlik edib və 5 dəfə məğlub olub. Rəqib qapısından 67 top keçirən bu komanda 30 qol buraxıb. “Sumqayıt”ın qapısına Viktor Mendi hamıdan çox – 7 top vurub. Son 6 görüşdə meydandan qolsuz ayrılmayan “Qəbələ” 7 oyundur rəqibinə uduzmur.

Premyer Liqa çərçivəsində baş tutan 40 görüşdə 23 dəfə üç xal qazanan “Qəbələ” 12 sülhə imza atıb. 5 matçda isə “Sumqayıt” qalib gəlib. Çempionat oyunlarındakı top fərqi 64-29-dur.

Səfər matçlarında da üstünlüyə malik olan “qırmızı-qaralar” rəqib meydanındakı 20 oyunda 9 dəfə qalib gəlib. 7 qarşılaşma heç-heçə bitib. Digər 4 matçda meydan sahibləri üç xala seviniblər. Səfərdə 27 top vuran “Qəbələ” futbolçuları 17 top buraxıblar.

Xatırladaq ki, noyabrın 29-da keçiriləcək “Sumqayıt” - “Qəbələ”  matçına saat 16:30-da start veriləcək.