"Sumqayıt"ın çıxış edəcəyi Konfrans Liqasına hazırlıq planı 2 mərhələdən ibarət olacaq. Komandanın baş məşqçisi Ayxan Abbasov Sport24.az-a açıqlamasında bu ayın 17-də Sumqayıtda toplaşacaqlarını bəyan edib: "Əlbəttə, milli komandamızda olmuş bəzi futbolçularımız məşqlərə 3 gün sonra qoşulacaq. Çünki onlar da ağır oyunlardan sonra millidə oldular və orda çətin qarşılaşmalara çıxdılar. İnşalah, iyunun 21-də tam şəkildə hazırlığa başlamaq istəyirik. Bakıda 1 yoldaşlıq görüşü keçirməyi planlaşdırırıq. İkinci təlim-məşq toplanışını istəyirik ölkə xaricində keçirək. Yəqin ki, bu, yaxın günlərdə bəlli olacaq. Orda da 3-4 yoxlama matçı keçirmək istəyirik. Çünki komandalar bir az gec qoşulub, sparrinq-rəqib tapmaqda bir az çətinliklər olur. İyunun 16-da püşkütma olacaq, rəqibimizi biləcəyik və bundan sonra başqa yöndə dəyişiklik ola bilər".

Xatırladaq ki, "Sumqayıt" tarixində ilk dəfə Premyer Liqamızın medalçısı - bürünc mükafatın sahibi olaraq UEFA-nın yeni turnirinə vəsiqə qazanıb.