Misli Premyer Liqasının XIV turunun "Sumqayıt" – "İmişli" oyunundan (1:0) sonra meydan sahibi komandanın məşqçisi Şahin Abdullayev jurnalistlərin suallarını cavablandırdı. Sport24.az xəbər verir ki, mütəxəssis əvvəlcə görüşlə bağlı fikirlərini bölüşdü…

 

– Ağır oyun oldu. Rəqibin kompakt müdafiəsi var. Qol vurmaqda çətinlik çəkdik. Bu həftə məşqlərdə çalışmışdıq. Çox epizod yarada bilmədik, amma sonlarda fərqləndik. Bəlkə də, bəxtimiz gətirdi ki, rəqib penaltidən yararlana bilmədi.

 

– Mübahisəli epizodlar oldu. Oyunun sonlarında yaşanan gərginlik nə ilə bağlıdır?


– Hakimin 10 dəqiqəyə yaxın penaltini yoxlaması bizdə fikir yaratdı ki, bəlkə, penalti deyildi. Amma öz aramızda düşünürdük ki, penalti var. Bəxtimiz gətirdi ki, penaltini vura bilmədilər. Məşqçimiz Koplanoviçə nə üçün "qırmızı" verildi, bilmədik. O, sakit təbiətli biridir. Nə baş verdiyini anlamadıq.

 

– Hakimliklə bağlı fikirləriniz necədir?


– Əliyar Ağayev Çempionlar Liqasına da təyinat alan referidir. Bizə qarşı qərəz olduğunu fikirləşmirik. Onlar da insandır, məşqçilər, futbolçular kimi səhvlər edə bilər.

 

– Əvvəlcə İliç, bu dəfə Kaplanoviç qırmızı vərəqə aldı. Növbədə sizsiniz?


– Qırmızı vərəqə gözlənilməz oldu. Şikayət ediləcək.

 

– Bu rəqibə qarşı ilk oyunda uduzmuşdunuz. Təsadüfi olduğunu göstərmək istəyirdiniz?


– "İmişli" yaxşı komandadır. Müdafiədə kompakt oynayır. Bu gün qələbə qazanmaq istəyirdik və buna nail olduq.