"Sumqayıt"ın kapitanı Vüqar Mustafayev mövsümün sonunda karyerasını başa vura bilər.
Bu barədə məlumatı Sport24.az-a açıqlamasında futbolçunun özü verib.

Təcrübəli oyunçu dizindədəki ağrılar səbəbindən bu addımı atmaq istədiyini vurğulayıb: 

"Dizimdə bərk ağrılar var. Bu, bir neçə ildir davam edir. Mövsümün sonunda karyerama son qoya bilərəm. Çünki ağrılar meydanda rahat oynamağıma imkan vermir. Hələ dəqiq olmasa da, böyük ehtimalla mövsümün sonunda karyeramı bitirəcəm".

Qeyd edək ki, təcrübəli yarımmüdafiəçi karyerası boyunca "Qarabağ", "Zirə", "Simurq" kimi komandalarda çıxış edib. O, 2019-cu ildən "Sumqayıt"da çıxış edir.