"Sumqayıt"ın futbolçusu Səbuhi Abdullazadə Sport24.az-a müsahibə verib. O, son turda "Şamaxı" üzərində qələbədən və komandasının avrokuboklara vəsiqə qazanması potensialından danışıb.


- "Şamaxı" ilə oyun haqda nə deyə bilərsən?

- Oyuna qələbə üçün çıxmışdıq və şükürlər olsun istəyimizə nail olduq. İlk dəqiqələrdən sona qədər çalışdıq ki, eyni təzyiqi rəqib üzərində yaradaq. Bu oyunun çox hissəsində bizdə alındı. Hesabda geri düşsək belə oyundan qopmadıq. Sonda layiq olduğumuz qələbəni qazandıq.

 

- Sanki görüşə əlavə motivasiya ilə çıxmışdınız. Bunu şəhərin 75 yaşı ilə əlaqələndirmək olar?

- Azarkeşlərimizə təşəkkür edirəm. Onlar bizi dəstəklədikcə daha çox motivasiyalı oluruq və üzərimizdə məsuliyyət olur. Bu oyunda digər oyunlara nisbətən stadion daha dolu idi. Onların verdiyi dəstək ilə şəhər günündə qələbə qazandıq.


- Son dörd oyunda üç qələbə qazanmısız. "Sumqayıt"ın uğursuzluq zolağından çıxdığını demək olar?

- ⁠Bizi qarşıda daha çox oyun gözləyir. Çempionatın ortalarındayıq. Həm turnir cədvəlində bizdən yuxarıda olanlar, həm aşağıda olanlarla xal fərqi yaxındır. Hər şey ola bilər.


- Komandanızın avrokuboklara vəsiqə qazanmaq şansını necə dəyərləndirirsiz?

- Mövsümə pis başladıq və rəqiblər bizdən uzaqlaşdı. Bundan sonra da hər oyuna maksimum nəticə üçün çıxacağıq. Sezon sonu daha yuxarı pillələrdə olmaq istəyirik.


- Növbəti turda "Zirə" səfəri var. Rəqib bir neçə oyundur qalib gələ bilmir. Oyundan gözləntilərin nədir?

- "Zirə" çətin rəqibdir. Amma meydana qələbə üçün çıxacayıq.

 

Milli komandaya dəvət olunsan da, oynamadın. Fernandu Santuşla hər hansı söhbətin oldu?

- Xeyr. Fernandu Santuşla heç bir söhbətim olmadı.

 

Nuh Tarverdiyev