"Birlikdə çıxdığımız uzun bir yolun sonuna çatdıq". Sport24.az xəbər verir ki, bu sözləri "Sumqayıt"la yollarını ayıran Murad Xaçayev şəxsi instaqram hesabında yazıb.

Oyunçu "gənclik şəhəri" təmsilçisi ilə vidalaşıb:

"Klub rəhbərliyinə bu uzun illər ərzində mənə olan güvəninə və dəstəyinə görə təşəkkür edirəm. "Sumqayıt"da oynadığım 7 il ərzində birlikdə çalışdığım bütün məşqçilərə "çox sağ olun" deyirəm. Həmçinin, klubun bütün personalına, bazada çalışan əməkdaşlara, komandada fəaliyyət göstərən bütün şəxslərə böyük minnətdarlığımı və təşəkkürlərimi çatdırmaq istəyirəm"

"Sumqayıt"da keçirdiyim yeddi il ərzində birlikdə oynadığım, eyni formanı geyindiyimiz bütün futbolçulara, yolu bu komandadan keçən hər bir oyunçuya təşəkkürlərimi çatdırıram. Birlikdə sevindik, kədərli anlarda birlikdə üzüldük, ən önəmlisi isə bir yerdə uzun illər unudulmayacaq gözəl xatirələr yaşadıq. Sizin hər birinizə hədəflərinizə çatmağı ürəkdən arzu edirəm!

"Və təbii ki azarleşlər!
İllər boyunca bizi daim dəstəkləyən, hər zaman komandaya inanan, istər ev, istərsə də səfər matçlarında komandanı yalnız buraxmayan və şəxsən mənə daim dəstək göstərən bütün fanatlarımıza, sumqayıtlı bütün futbolsevərlərə minnətdaram. Əlvida, Böyük Şəhərin Tək Komandası".