RƏŞAD QASIMOV

Neçə gündür ölkənin idman mediasında "Sumqayıt"ın hakimlər tərəfindən "dartılması" ilə bağlı xəbərlər dolaşır. Bilən-bilməyən, ömründə bir dəfə də olsun bir komandanın məşqini izləməyən, seleksiyanın incəliklərindən xəbəri olmayanlar "kimyaçılar"ın bugünkü uğuruna kölgə salmağa çalışır, hər vəchlə Samir Abasovun komandasına çamur yaxmaq üçün qolunu çırmalayıb. Bir neçə gün öncə "feysbuk" sosial şəbəkəsində "Riad Rəfiyev ən uğurlu klub prezidenti, Samir Abasov müasir Azərbaycan futbolunda ən yaxşı məşqçilərdən biridi" yazmışdım. İndi də sözümün üstündə dayanıram. Niyə? Çünki sumqayıtlı olmağımla yanaşı, ölkə futbolunun tək bütün incəliklərindən yox, bicliklərindən də xəbərim var.

 

Bu gün "Sumqayıt" büdcə baxımından avrokuboklara iddialı digər klublardan geri qalır. Bu gün sumqayıtlılar turnir cədvəlində maliyyə baxımından Avropaya yollanmaq istəyən klubları qabaqlamaqla, həmin komandaların baş məşqçilərinə problem yaradırlar. Məhz bu səbəbdən həmin məşqçilər özlərinə yaxın bildikləri vasitələrlə ictimaiyyət arasında "Sumqayıt"ın hakim köməkliyi ilə üst pillədə qərarlaşdığını "sırımaq" istəyirlər. Sadə azərbaycanlı futbol azarkeşi hardan bilsin ki, "kimyaçılar"ın ən ödənişli futbolçusu avrokubok yolunda əsas rəqiblərinin sıradan bir əcnəbisinə verdiyi maaşdan az məvacib alır. Azərbaycan futbolunu yaxından izləyən Əli, Vəli, Məmməd və yaxud başqası hardan bilsin ki, "Sumqayıt" özündən dəfələrlə böyük büdcəyə malik klubları "oyundan kənar vəziyyət"ə salmaqla çoxlarının başını ağrıdıb. Samir Abasovun "Turan Tovuz"la matçdan sonra "başımızı başlara qoşmuşuq" söyləməsi də dolayısı ilə buna işarədi.


Bəli, "Sumqayıt" bu gün üçün başından yuxarı tullanıb, ilk "üçlük"də qərarlaşıb. Bunun da səbəbi klubun vaxtında düzgün transfer siyasəti yürütməsi və qarşılıqlı inamın olmasıdı. Bəzi klublardan fərqli "kimtaçılar"ın ehtiyat oyunçular skamyasına nəzər yetirmək kifayətdi. Samir bəyin əlinin altında yaşı 20-yə çatmayan yetərincə gənc var. Bu həm də klubun aşağı yaş qruplarına diqqət yetirməsinin göstəricisidi.


Ola bilsin mövsümün sonunda "Sumqayıt" avrokuboklara vəsiqə qazana bilməyəcək. Ancaq hazırda "gənclik şəhəri"nin futbol akademiyasının aşağı yaş qruplarının AFFA-nın bayrağı altında keçirilən liqalarda üst pilllərdə olması, əsas komandanın ilk "üçlük"də qərarlaşması "Sumqayıt"ın növbəti mövsümdə də adından söz etdirəcəyindən xəbər verir.


Üzümü bu gün "Sumqayıt"ın uğurlu çıxışını "qaralamağa" çalışan "yoldaşlar"a tuturam. Gələn mövsümə hazırlaşın, Nihad Əhmədzadə, Xəyal Feyzullayev, Ayxan Süleymanlı və onların həmyaşıdları gəlir. Hiss edirəm ki, adlarını yazdıqlarım gəncləri tanımırsız. Ancaq əmin olun ki, onlar indiki heyətdən daha yaxşı olacaqlar. Sadəcə, bir qədər təcrübəyə ehtiyacları var.


P.S. Vurğun Hüseynovun nəinki özünü, nəslini tanıylram. O, özünü hərraca qoyan oğul deyil.