"Sabah"ın futbolçusu Aaron Maluda yay transfer dövründə komandadan ayrıla bilər. Sport24.az-ın etibarlı mənbədən əldə etdiyi məlumata görə, 20 yaşlı vinger Avropanın tanınmış klublarının diqqət mərkəzinə düşüb.
Belə ki, Şotlandiya nəhəngi "Seltik" fransalı futbolçunun çıxışını yaxından izləyir. Bundan başqa, İtaliyanın köklü klublarından olan "Sampdoriya" da Maludanı transfer siyahısına daxil edib.
Mənbənin bildirdiyinə əsasən, yaxın günlərdə hər iki klubun futbolçu ilə bağlı "Sabah"a rəsmi təklif göndərməsi istisna olunmur.
Qeyd edək ki, Aaron Maluda 2025-ci ilin yayında Masazır təmsilçisinə transfer olunub. Gənc vinger "Sabah"ın heyətində Azərbaycan Premyer Liqasının və ölkə kubokunun qalibi adını qazanıb.