"FİFA sıralamasına nəzər yetirdikdə, rəqiblərimizin hamısının bizdən daha yaxşı mövqelərdə olduqlarını görürük. Biz də reytinq siyahısında yüksəlmək üçün çalışırıq. Açılış oyununda qarşılaşacağımız İtaliya yığması İsveçrə və Uelsə nəzərən daha güclü görünür". Sport24.az xəbər verir ki, bunu Türkiyə milli komandasının baş məşqçisi Şenol Günəş AVRO-2020-nin qrup mərhələsindəki rəqibləri dəyərləndirərkən deyib.

O, maraqlı qrupda olduqlarını söyləyib: "A qrupunda hər cür nəticələr qeydə alına bilər. Bunun üçün ilk matçdakı nəticəmiz vacibdi. Heç-heçə və qələbəmiz qrupda bəzı qarışıqlıqlara səbəb ola bilər. İnanıram ki, elə də olacaq. Hər üç matçımız çətin keçəcək. Qrupda hansı komandanın sonuncu yeri tutacağını heç kim deyə bilməz. Bu, hətta İtaliya da ola bilər. Uels yığması də yaxşı komandadır, oyunçuları səviyyəli çempionatlarda çıxış edirlər və inkişafdadırlar. İsveçrə millisi də maraqlı futbol oynayır, biz də eləyik. İtaliya da yaxşı yoldadır. Qrupda ilk iki yerin sahibləri 1/8 final mərhələsinə birbaşa vəsiqə qazanacaq. Üçüncü yeri tutanın da mərhələ adlama şansı var".

Günəçin fikrincə, qrupda 5-6 xal böyük üstünlük sayılacaq, amma 4 xalı olan da 1/8 finala çıxa bilər. O, mərhələni yaxşı oyun və gözəl futbolla adlamaq istədiklərini vurğulayıb: "Futbolda eniş-çıxışlar ola bilər, amma yaddaqalan, coşqulu, cəlbedici, sevilən komanda olmaq istəyirik. Özümüzü ailə komandası kimi görürük. O hissi bütün dünyaya keçirmək, həm Türkiyə futbolunu, həm də ölkəmizi tanıtmaq istəyirik".

Təcrübəli çalışdırıcı döyüşkən, coşqulu, cəsur, inanclı komanda görüntüsü yaratmaq niyyətində olduqlarını bəyan edib: "Belə oyun bizi qrupdan çıxardığı zaman əsas hədəfimizə çatacağıq. Ondan sonra da hər cür sıçrayış bizim üçün uğurdur".

Günə. hazırkı yığmanın 2022-ci il dünya çempionatına da yüksələrək, vəzifəsini çox yaxşı yerinə yetirəcəyinə inam ifadə edib. Onun sözlərinə görə, nların hamısı futbolçular üçün bir imtahan olacaq.

Qeyd edək ki, Türkiyə millisi iyunun 11-də İtaliya ilə Romadakı Olimpiya Stadionunda, iyunun 16-da Uelslə və iyunun 20-də İsveçrə ilə Bakı Olimpiya Stadionunda üz-üzə gələcək. Bakıdakı qarşılaşmalarda tribunaların 50 faizinə azarkeşlərin buraxılacağına təminat verilib.