Azərbaycan futbolunda yetərincə pul olsa da, "Qarabağ" istisna, digərlərinin hamısı büdcədən gileylənir. Kimisi "büdcə istədiyimiz oyunçuları gətirməyə imkan vermir", kimisi "heyəti tam formalaşdırmaq üçün büdcə yetmir", kimisi də büdcə kasadlığının digər problemlər yaratdığından dəm vurur. 

Klubların "şəffaf büdcə" şüarında isə qüsur nə qədər istəsən. Məsələn, futbolçu satılır, Azərbaycan klubundan rəsmi informasiya çıxmır ki, neçəyə satıldı. Yaxud futbolçu alınır və ya icarəyə verilir/götürülür təmsilçilərimizdə "qurbağa gölündə atılan daş" sükutu hökm sürür. Qısası, bu, "şəffaflıq obrazı"na dair məqamdır. İndi isə "büdcə kasadlığı" mövzusuna keçək. 

 

Məlumdur ki, hansısa futbolçu başqa komandaya keçmək istədikdə məxsus olduğu klub bu sövdələşməyə görə pul qazanır. Əksi olanda isə... Onu nəzərdə tuturuq ki, klub futbolçuyla müqaviləyə vaxtından əvvəl xitam vermək istəyir. Bax, əsl mərəkə bu vaxt qopur. Futbolçuyla yolların ayrılması hansı səbəblərdən baş tuta bilər?

Məşqçi dəyişikliyi, məşqçi ilə futbolçunun arasında yaşanan konflikt/anlaşılmazlıq daha populyar variantlardı. Nadir hallarda futbolçunun uzun müddət sıradan çıxması səbəbindən onun müqaviləsinə xitam verilir. Burda məsələnin mənəvi tərəfi var ki, klub bunu etməməlidi.

Vətənimizdə mövsüm başa çatanda klublar vaqon-vaqon futbolçunu yola salır, bir o qədərini də gətirir. Azərbaycanlı futbolçular isə komandaları əlcək kimi dəyişir. Bu da müqavilələrin 1 illik bağlanmasından qaynaqlanır. Müqavilənin niyə 1 illik olmasına dair uzun-uzadı yazmayacam. Qısaca, onu deyim ki, belədə, pul qazanmaq daha rahatdı. 

Ancaq indiki halda biz qış fasiləsində baş tutan ayrılıqlardan danışacağıq. Premyer Liqa təmsilçilərimizin bu sıralamasında lider kürsüsündə turnir cədvəlinin alt pillələrində qərarlaşan, Kubokdan da əli üzülən "Sumqayıt" qərarlaşıb. "Gənclik şəhəri" təmsilçisi əvvəlcə baş məşqçi Aleksey Baqa ilə yolları ayırdı, ardınca isə beşi əcnəbi olmaqla (yəni ki, sövdələşmə valyuta ilə aparılıb) 7 oyunçuya qapını göstərdi. Aydın məsələdir ki, bütün bu yolasalmalar müftə başa gəlməyib və klub büdcəsinin yetərincə böyük hissəsi havaya sovrulub. 

Bu sıralamada 2-ci yer digər autsayder "Kəpəz"ə məxsusdu. "Nizami yurdu"nun təmsilçisi əvvəlcə baş məşqçi Yaşar Vahabzadə ilə yollarını ayırıb, ardınca isə Rauf Əliyev, Əfran İsmayılov, Mixeil Erqemlidze, Peyman Keşavarz və Əli Səmədovla.

Baş məşqçi dəyişikliyinə əl atmış 3-cü komanda "Səbail"di ki, paytaxt təmsilçisinin çalışdırıcısı Şahin Diniyev fərqli - müsbət tərəfdən seçilib. Təcrübəli mütəxəssis "dənizçilər"in "sükanı arxası"na keçdikdən sonra "tozsoran"ını əlinə almadı və yalnız Fakundo Kardozo ilə yolları ayırmaq qərarını verdi.  

Nümunəvi klublardan söz düşmüşkən Elmar Baxşıyevin "Qəbələ"sini də xüsusi vurğulamalıyıq. Əyalət təmsilçisi heç bir futbolçusu ilə qışda yolları ayırmadı. Bu, "vahid ailə" simvolununun bariz nümunəsidir. 

Yeri gəlmişkən, "Sabah" da bu yöndə qibtəedici peşəkarlıq göstərənlər sırasındadır. Baş məşqçi Murad Musayev yalnız ehtiyatda qalan Aleksandr Neçayevi geri qaytardı ki, bunun da bəlli səbəbi var: Yusif İmanov klubunu bu addıma sövq etdi.

Klub futbolumuzun şəriksiz hegemonu "Qarabağ" isə qışda nəinki pul itirdi, əksinə, qazandı da! "Süvarilər" əvvəlcə Kadi, ardınca isə Ovusunu da satmaqla digər klublarımıza master-klass keçdilər. Doğrudu, "Sumqayıt" da qışda "Neftçi"yə Höccət Haqverdini satdı. Ancaq bu transferi də klubun uğuru adlandırmaq olmaz. Çünki həmin vaxt iranlı müdafiəçi "Traktorsazi"də icarədə idi. Keyfiyyətli idisə "Sumqayıt" öz sıralarında niyə saxlamırdı? Qısası, "Qarabağ" yeni - qış cığırı açdı.

Qışda oyunçu satanlar sırasında "Neftçi" də var. Laval və Donyonu satan "ağ-qaralar" büdcələrini müəyyən qədər zənginləşdirdilər. Ancaq Höccətə görə ödənilən 100 min dollar... Çox ağır məbləğdir. O ki qaldı kompensasiya ödəyib yola salınanlara, burda "Neftçi" ilə "Turan" arasında bərabərlik hökm sürür. Hər iki klub 1 futbolçunu yola salıb: müvafiq olaraq Mamadu Mbodj və İmedi Aşortiya.

Nəzərə alsaq ki, "Şamaxı"da legioner yoxdu, komandadan yola salınanlar da cüzi maaşa oynayırdı, bu əyalət təmsilçisinin büdcəyə xəyanət etməsindən danışmaq yersiz olar. 

"Zirə"yə gəlincə, bu say ikiyə bərabərdi. Təmkin Xəlilzadə və Nemanya Andelkoviç qışda qarşılarında qırmızı işıq gördülər. Xəlilzadənin heç vaxt aşağı məbləğə oynamadığını nəzərə alsaq, Andelkoviçin isə əcnəbi olaraq kifayət qədər yüksək məvacibə uyğun kompensasiya almasına dair şübhəmiz olmadığı üçün "Zirə" büdcəsinə heç də az ziyan dəymədiyini iddia edə bilərik.

Bax belə, əziz oxucu. Azərbaycan Premyer Liqa təmsilçilərində büdcə itkilərinə dair ilk yazını burda yekunlaşdırırıq. İqtisadi sıxıntılar yaşamamaq üçün tək büdcəni böyütmək yox, həm də əlindəkini düzgün xərcləməyi bacarmalısan.

 

 

QƏDİR BİLMƏZ