Cari çempionatda çıxışı maraqla gözlənilən komandalardan biri "Şamaxı"dı. Tam dəyişən əyalət təmsilçisinin artıq yeni kapitanı da var. Bu, karyerasında ən yaxşı illərini məhz klubun sələfi olan "İnter"də keçirmiş təcrübəli futbolçu Elvin Məmmədovdu. 34 yaşlı yarımmüdafiəçi Sport24.az-ın Şamaxıya ezam olunmuş əməkdaşınn suallarını cavablandırıb. 

- Yeni çempionat artıq sizin üçün də başlayır, ümumiyyətlə, "Şamaxı" üçün yeni səhifə açılır. Özünü necə hiss edirsən bu "ansambl"da? Komandada olan ab-havanı bir kapitan kimi bizə çatdırardın...

- Gənc komandayıq, ab-hava cəhətdən çox yaxşı kollektivimiz var. Bəli, əlbəttə, bizim üçün çətin olacaq. Bunun fərqindəyik. Amma rəhbərliyin qərarı var ki, gənc futbolçulara güvənmək lazımdı. İnşallah, bunun bəhrəsini görərik. Əslində, komandamızda U-21 yığmamızın 6-7üvzü var. 2 nəfər də U-19 yığmamızın. Bu gün bu komanda tramplindi futbolçular üçün milliyə getmək üçün. Böyüməyi gözə alsalar. bizim komandada lider futbolçular ola bilərlər. 

- Yeni mövsümdə gec toplaşdınız, xaricdə hazırlıq keçə bilmədiniz və üstəlik, "Neftçi"ylə çətin start...

- Əlbəttə ki, bunların fərqində varıq. İlk turda "Neftçi"yə qarşı çətin olacaq. Bəli, illərin komandasıdı, təcrübəli futbolçular var orda. Amma çalışacağıq ki, əlimizdən gələni edək. Sonadək mübarizə aparacağıq. Dediyim kimi, gənc komandayıq, bu komandaya güvənmək lazımdı. 

- "Neftçi"nin hazırda əsas diqqəti Konfrans Liqasındadı və sizinlə matç sintetik qazonda olduğundan, futbolçularını qorumalıdı. Bu, işinizə yarayarmı xal götürmək baxımından?

- Bəli. kağız üzərində, yaxud deyilən şeylərə görə elə görünür. Amma "Neftçi"nin ən azından təcrübəli futbolçuları var. Əlbəttə. bu cəhətdən çətin olacaq. Amma çalışacağıq ki, layiqli mübarizə aparaq. 

- Yenilənən komandaya yeni kapitan təyin olunmusan. 34 yaşında özünü nə dərəcədə hazır sayırsan bu yükü daşımağa - həm fiziki, həm də psixoloji baxımdan?

- Psixoloji cəhətdən tam hazıram. Fiziki cəhətdən isə yəqin, oyundan-oyuna düzələcək bu şeylər. Məqsədim kapitan olaraq gənc futbolçulara örnək olmaqdı. Çalışdığım qədər onlarla dialoqa girirəm, onlara keçirdiyim çətin dövrdən də, yaxşı dönəmdən də nümunələr çəkirəm ki, inkişaf eləmək lazımdı. Bunu da sağ olsunlar, uşaqlar eşidirlər. Zaman keçdikcə bəhrəsini görəcəyik. 

- "Şamaxı"ya cari mövsümün autsayderi kimi baxırlar. Bu, sizdə təzyiq, ruh düşkünlüyü yaratmır?

- Elə olsalar, daha yaxşı olar bizim üçün. Təki, elə yanaşsınlar, bizim iş daha asan olacaq onda. 

- Məşqçilər korpusunla anlaşman necədi? Xüsuilə uzun illər bir yerdə oynadığın dostun Cavid Hüseynovla artıq məşqçi-futbolçu münasibətindəniz...

- İnanın ki, çox yaxşı kollektivimiz var. Bunu rəsmiyyət üçün yox, tam səmimi deyirəm. Bəli, bir yerdə oynamışıq, dostumdu - bu, başqa məsələ. Amma kollektiv olaraq çox yaxşı komandayıq. Baş məşqçimiz Vüqar Əsgərliyə də həm futbol oynadığı, həm də məşqçi olduğu vaxda üniyyətimiz çox yaxşıdı. Amma istənilən halda, bu gün iş başqadı, dostluq başqa. Çox yaxşı ünsiyyətimiz var, çox yaxşı işlər görülür. 

- Əsas hədəfiniz bu mövsüm?

- Bacardığımız qədər yuxarı yerlər tutmaq. Bir də məşqçilər korpusunun istəyi odur ki, layiqincə mübarizə aparsaq, əzmkar olsaq, xallar özü gələcək. 

- Uzun illərdi futboldasan. Karyeranda ilk dəfə legionersiz komandada çıxış edəcəksən. Bu, nə dərəcədə təsirini göstərə bilər sizə?

- Bu ünsiyyəti qururuq uşaqlarla. Onu çatdırırıq ki, bu komanda gənclər üçün bir tramplindi. Niyə də olmasın?! Legionersiz komandada oynamaq olar. Bunu vaxtilə Tovuzda oynamışam, biirəm - 2-3 nəfər olsa belə. Amma bu gün gənclərə çalışırıq deyək ki, sizə gözardı baxmasınlar. Siz Azərbaycan futboluna yenidən qayıtmalısınız, çünki olimpiya yığmamızın üzvlərisiniz. Bu isə o deməkdi ki, müasir futbolda lider olmalısnız - bunları aşılamağa çalışırıq onlara. İnşallah, bunu zaman göstərəcək ki, nə vaxta üstünə qoyacaqlar. İnanıram ki, oyundan-oyuna artıracaqlar. 

- İndiyədək əyalətdə oynamısan. Şamaxıda ajiotaj hiss olunurmu ki, bu komandanın Premyer Liqada təmsilçisi var, ona böyük maraq var? Çünki bura indiyədək çıxış etdiyin Tovuz da deyil, Qəbələ də....

- Ola bilər mətbuatdan gizlədilirdi, danışlmırdı, amma 3 yoxlama matçı keçirmişik, hamısında da azarkeşlərimiz çox yaxşı olub. Xüssusilə "Turan Tovuz"la Şamaxıdakı matçda. Hələ media cəhətdən heç bilinmədi. Bakıya gələnlər də vardı. Amma Şamaxıda adi bir yoxlama matçında tribunanın demək olar bir tərəfi olmuşdu.  

 

 

 

MEHMAN SÜLEYMANOV, Bakı-Şamaxı-Bakı