"Açığı, o dərəcədə dəqiq gözləmirdim ki, məni yeni mövsümə baş məşqçi kimi təsdiqləyərlər. Rəhbərlikdi, qərar verə bilərdi, mənə 5 oyunluq təyinat verilmişdi. Onlar öz tərəflərindən gözləyirdilər ki, bu etimadı doğruldum". Bu fikirləri Sport24.az-a açıqlamasında "Şamaxı"nın yeni baş məşqçisi Rüstəm Əliyev deyib. 

35 yaşlı mütəxəssis müvəqqəti baş məşqçi olduğu matçlarda nəticələrdən razı qalmadığını gizlətməyib: "Açığı, nəticələr ürəyim istədiyim kimi olmadı bu 5 matçda. Amma sağ olsun, rəhbərlik yeni müqavilə təklif elədi, onu imzaladıq. Çalıacağıq ki, yeni mövsümdə o etimadı doğruldaq".

Maraqlıdı, Əliyev məşqçilər korpusunda dəyişiklik edəcək? "Xeyr, olmayacaq. Amma çalışacağıq bir fiziki hazırlıq üzrə məşqçi dəvət edək. Bu, əcnəbi olacaq. Amma konkret ad, ölkə hələ bilinmir. Açığı, araşdırırıq bizə nə uyğundursa, buna müvafiq məşqçi götürək".

Xatırladaq ki, Əliyevə Zaur İsmayılov, Ruslan Əmircanov və qapıçılarla işləyən Camaləddin Əliyev yardımçı olur. Rail Məlikov isə Əliyevin bunadək çalışdırdığı "Şamaxı-2"yə baş məşqçi postuna yollanıb. 

 

 

MEHMAN SÜLEYMANOV