"Qarabağ"ın Konfrans Liqasında "Omoniya" ilə Tofiq Bəhramov adına Respublika stadionunda 2:2 hesabıyla nəticələnən matçda ən yaddaqalan epizod heç şübhəsiz, son dəqiqədə buraxdığımız kuryoz qol oldu. O mənada ki, təmsilçimizin qolkiperi Şahrudin Məhəmmədəliyevin qapısına meydanın mərkəzindən vurulan top tora daxil oldu. Çoxları bunda xeyli irəli çıxan, millimizin də "1 nömrəsi" olan əslən dağıstanlı qapıçını qınadı. Məhəmmədəliyevin millidə məşqçisi olan Rauf Mehdiyev isə Sport24.az-a müsahibəsində fərqli düşündüyünü açıqlayaraq, fikirlərini əsaslandırdı. 

- Belə şeylər futbolda olur. Məncə, Şahrudini qınamaq olmaz. O, "Qarabağ"a daha çox kömək edir. Sadəcə, həmin qolda rəqib futbolçunun ustalığı yüksək səviyyədə idi. Meydanı doğrudan çox yaxşı görən futbolçudu. Belə baxanda, Məhəmmədəliyev istəməzdi ki, belə olsun. Əslində, o, sürüşməsəydi, topa çatacaqdı. Sadəcə, bəxti gətirmədi ki, sürüşərək yıxıldı.

- Amma kənardan belə görünürdü ki, qapıçımzı sürüşməsəydi belə, topa yetişə bilməyəcəkdi. Çünki top çox sürətli gedirdi...

-  Yox, çatacaqdı. Çünki Şahrudinin sürətini bilirəm, çox yaxşıdı. Məşqlərdə də görürsən ki, qapıya sürətlə gedən toplara özünü çatdırır. Sadəcə, balansı itirdi və yıxıldı. Buan görə topa çatmadı, ancaq sonadək getsəydi, çatacaqdı. Bunu yüzdəyüz deyirəm, çünki qapıçının sürətinə yaxşı bələdəm. Amma bu, futboldu, Şahrudin robot deyil, o da səhv edə bilər. Bu, elə bir şeydi ki, onu qınamaq olmaz. Belə götürəndə, "Qarabağ"ın uğurlarında Məhəmmədəliyevin payı çoxdu. 

- Sizə elə gəlmir ki, Şahrudin normasından irəli çıxır?

 - O, istəyir ki, komandada lidero kimi oynasın. Onda müdafiə xəttindəkiləri sığortalamaq alınır. Belə epizodlarda fikirləşirsən ki, vəssalam, rəqib qapıçı təkbətək çıxdı. Ancaq görürsən ki, yox, Şahrudin gəlib çatdı topa. Sadəcə, futbolda səhv hamıda olur. Üstəlik, "Omoniya"nın futbolçusu zərbəni çox gözəl, ustalıqla vurdu. Hətta özüm gözləmədim ki, topa ordan qapıya düşə bilər. 

- 31 minlik stadion donub qaldı həmin qola...

- Bu zərbəni 100 dəfə vursa, bəlkə düşə bilməz qapıya. Zərbəni çox sərrast vurdu və getdi dəqiq tora. Maraqlı bir şey oldu, mən özüm də şokda idim ki, ordan necə düşə bilər qapıya. Bu, mümkün deyildi. Həmin anda bir anlıq qapını görməyə, ordan dəqiq düşməyə doğrudan ustalıq lazım idi. Onu da deyim ki, həmin gün "Omoniya" pis futbol oynamadı, əks-hücumlarda çıxış elədi. "Qarabağ" udmalı idi, hakim də çox haqsılıq elədi bizə qarşı. 

- Razıyam, təmiz qolumuzu saymadı....

- Tər-təmiz qol idi. Nə bilim vallah...Həmin gün bəxtimiz gətirmədi. 

- Necə düşünürsünüz, Məhəmmədəliyevin ucaboylu olmaması ona hava, paraşüt topları çıxarmaqda ona mane olurmu?

- Yox, deməzdim ki, mane olur. Yadınızdadırsa, Meksika yığmasının bəstəboy qapıçısı vardı - Xorxe Kampos. Necə qapıçı idi, yəni, boyla deyil. Belə baxanda, Şahrdunin boyu çox kiçik də deyil. 1,85 metr boyu var, qapıçı üçün normaldı. Bu göstəricisini başqa yaxşı keyfiyyətləri ilə sığorta eləyir. Topa sıçrayışları, cəldliyi çox yaxşıdı. Var qapıçı ki, 2 metr boya malikdi, ancaq bir də görürsən ki, elə qollar buraxır. Yəni, boy əsas keyfiyyət deyil.

- Aydın məsələdi ki, penalti lotereyadı. Ancaq Şahrudin Konfrans Liqasında çox qolu məhz 11 metrlik cərimə zərbəsindən buraxıb. Qapısına təyin olunan 4 penaltinin hamısı qol olub. Onda penalti qaytarmaq bacarığı haqda fikirləriniz necədi? Bunun üzərində məşqlərdə nə dərəcədə işləyirsiniz?

- Penalti doğrudan bir lotereyadı. İşləməyə gəlincə, bu, hər yerdə edilir - klubda da, milidə də. Penaltini qaytarmaq 50-50-di. Bu an tamamilə bir şeydi. Deyə bilmərəm ki. elə bir qapıçı var sırf penaltilər üçün. Futbola belə bir şey yoxdu. Olsa belə, o da qol buraxa bilər penaltidən. 

- SSRİ yığmasının məşhur qapıçısı Renat Dasayev karyerasında heç vaxt penalti zərbəsini dəf edə bilmədi, ancaq kim deyə bilərdi ki, o, zəif qapıçıdı... 

- Ay sağ olun. Futbolda belə olur. Heç kim deyə bilməzdi ki. Dasayev zəif qapıçıdı. 

- Məhəmmədəliyevlə az bir müddət olsa da, yaxından tanış olub işləyə bilmisiniz, xarakterinə artıq bələdsiniz. Sizcə, bu qola görə psixoloji cəhətdən "sına", ruhdan düşə bilərmi?

- Şahrudin xaraktercə doğrudan çox güclü adamdı. Çünki "Qarabağ"ın özündə göstərdi ki, necə müddət heyətə düşə bilməsə də, 3-cü qapıçı olsa da, "sınmadı", ruhdan düşmədi. Öz üzərində durmadan işlədi və sonda "1 nömrə" oldu. İnanmıram ki, indi onda "sınma", ruh düşkünlüyü olsun. Çünki xaraktercə döyüşçüdü. döyüşçü keyfiyyətləri çoxdu onda. 

- Oyundan sonra Şahrudinlə danışmaq, yazışmaq imkanınız olubmu dəstək mənasında?

- Görüşəndə, söhbətləşirik, tövsiyələrimizi veririk. Elə bir epizoddu ki, hamı bu haqda danışdı. Qoy, bir az vaxt keçsin, soyusun, onda söhbət edərik.

 

 

 

MEHMAN SÜLEYMANOV