Region Liqasında yeni mövsümdə çempionluğa əsas iddiaçılardan sayılan "Şahdağ" startı təmsil etdiyi Qubada edə bilməyəcək. Sport24.az xəbər verir ki, qubalıların ilk turda "İrəvan"ı Sumqayıtda "Kapital Bank Arena"da qəbul etməsi səbəbsiz deyil. 

Belə ki, "Şahdağ"ın evdə oynayacağı Quba Olimpiya İdman Kompleksinin stadionu yenidənqurma işlərindən sonra rəsmi açılışı noyabrın əvvəlinə təsadüf edəcək. Buna görə də yerli komanda maksimum 2 ev matçını kənarda - "gənclik şəhəri"ndə keçirməli olacaq.

"İrəvan"la ev matçının isə Region Liqasında nəzərdə tutulduğu kimi həftəsonu yox, növbəti həftənin 2-ci günü keçirilməsi "Sumqayıt"ın Premyer Liqada növbəti turda öz meydanında oynaması ilə bağlıdı. "Səbail"lə həmin görüş bu bazar olacaq və "Kapital Bank Arena" həftəsonu boş olmadığından, "Şahdağ"ın rəqibiylə həftəiçi oynamağı razılaşdırıb, AFFA-ya bununla bağlı rəsmi müraicətinə müsbət cavab alıb. 

Xatırladaq ki, "Şahdağ"ın yeni baş məşqçisi Region Liqasında son 2 mövsümdə çempionluğa Sumqayıt "Uğur"unun çalışdırıcısı kimi nail olmuş Qəzənfər Abbasovdu.