"Neftçi" klubunun futbolçusu Sessi Dalmeyda "Karvan-Yevlax"la qolsuz heç-heçə etdiklər Misli Premyer Liqasının VI turunun oyunundan sonra jurnalistlərin suallarını cavablandırıb.
Sport24.az həmin müsahibəni təqdim edir…
- Matçla bağlı fikirlərin nədir? Qələbə üçün nə çatmadı?
- Məncə, yaxşı oynayacağıq. Hazırda yeganə məsələ bitiriciliklə bağlıdır. Bunun üzərində işləməliyik və məqsədimizə çatmaq üçün qələbə qazanmalıyıq. Düşünürəm ki, yaxşı oynayırıq, topa nəzarət edirik, amma hücumu sona çatdırmaq çatışmır. Sadəcə, oyunumuzun bu hissəsində problem var.
– Çempionatın əvvəlidir, problemlər aydındır. Qol imkanlarından yararlana bilmirsiniz. Altı oyun geridə qalıb. Azarkeşlər sosial şəbəkələrdə bu problemlərin nə vaxt həll olunacağını soruşurlar?
- Yaxşı sualdır. Bunun üzərində işləməliyik və növbəti matçda daha güclü qayıtmalıyıq. Hər şey aydındır. Sadəcə növbəti oyuna baxmalıyıq. Milli komandaların oyunlarına görə yaranacaq beynəlxalq fasilədən əvvəl bu oyunlar blokunu güclü şəkildə bitirməliyik. Altı oyunda 11 xal itirmişik. Bu, çoxdur.
– Gələcəkdə bu 11 xalın əvəzini çıxmaq üçün nə edəcəksiniz?
- İtirilən xallar artıq geri qaytarıla bilməz. Biz əldə edə biləcəyimiz növbəti xallara fokuslanmalıyıq. Qarşıdakı həftədə üç xalı hədəfləyirik. Diqqətimizi ora yönəltməliyik. İtirdiklərimiz keçmişdə qaldı, indi növbəti oyuna baxmalıyıq.
– Sanki müdafiəyə daha çox çəkilən komandalarla oynayanda çətinlik yaşayırsınız…
- Bəli, belədir. Çünki bu tip komandalar daha çox müdafiədə oynayır, oyunu az açır. Biz isə belə komandalara qarşı həll yolu tapmalıyıq. Üstəlik, çoxlu qol imkanlarını da qaçırırıq. İmkanları daha yaxşı dəyərləndirməliyik. Amma ümid edirəm ki, gələn həftə yaxşı olacaq.
– "Neftçi"nin daha bir yarımmüdafiəçi İfeanyi Metyunu heyətinə qatması səni narahat etmir? Ola bilər ki, növbəti oyunlarda ehtiyatda qalasınız?
- Xeyr. Mən özümə inanıram və düşünürəm ki, oynayacağam. Mənim üçün narahatlıq yoxdur. Komandaya gələn hər bir futbolçu bizim üçün yaxşıdır. Ümid edirəm ki, o da bizə hədəfimizə çatmaqda kömək edəcək.
– Növbəti oyun "Zirə"yə qarşıdır. Son iki mövsümü "Qarabağdan sonra ikinci yerdə bitirib və avrokuboklarda oynayıb. Azarkeşlər "Neftçi"dən bu oyunda nə gözləsinlər?
- Düşünürəm ki, biz öz oyunumuzu oynamalıyıq. Belə etsək və həll yolları üzərində işləsək, bu qarşılaşmada qələbə qazana bilərik.