CEYHUN ƏLİYEV

 

Ötən axşam "Zirə" Premyer Liqamızın 2-ci pilləsindən yararlanma limitini doldurdu. Sağ olsun UEFA, Avroliqada məğlibiyyət acısı yaşayanı Konfrans Liqasına göndərir. Səfərdə düzgün taktika seçib və nəticədə 1:0-lıq qələbə ilə dönən Rəşad Sadıqovun komandası evdə də analoji hesaba nail olmuşdu. Ancaq sonrakı hadisələr... hər şey məhv oldu. Salifu Sumanın "əliuzunluğu"nun bədəli elə qırmızı vərəqə idi. Sumanı "xalq düşməni" çıxaranlarla eyni gəmidə deyilik. 20 yaşlı gənci günahkar göstərməyin 2 adı ola bilər: 1) futbol savadının azlığı; 2) malalama. Biz dəfələrlə Azərbaycan klublarının azlıqda qalan rəqibin qapısına yol tapa bilmədiyinin şahidi olmuşam. Bu hallar yaşananda "azlıqda qalan komandaya qol vurmaq daha çətindi. Çünki, bütün komandayla müdafiəyə otururlar", - cavabını eşitmişik. Fikrimcə, bu sözlərdə həqiqət çalarları çoxdu. Dolayısı ilə Sumanın "günah keçisi" seçilməsi bütünlüklə absurddur.

 

Elə hakimlərin günahlandırılması da heç bir obyektivliyə söykənməyən və yalnız bəhanə ola biləcək səbəbdir. Hər halda, Tiaqo Silvanın nə hoqqa çıxardığını görməmək kimi öhdəliyimiz yoxdu. Əlcək sahibinin buraxılan 2-ci qolda nataraz səhvi heç şübhəsiz ki, oyunun qırılma anı idi.

 

Penalti seriyasına gəlincə, açığı, həmin vaxt "Zirə"nin qələbəsinə inamım 1 faiz də təşkil etmirdi. Məsələ "Zirə"də deyil, Azərbaycan təmsilçilərinin avrokuboklarda penalti seriyasında "sabitliyində"di. Dünənədək 9 dəfə seriyada uduzan təmsilçilərimizin yubiley məğllubiyyətini "Zirə" rəsmiləşdirdi. Və heç kəs də mənə "penalti seriyası lotereyadı" deməsin. Çünki bu lotereyada şanslar bərabər olursa, heç olmasa 30-40 faiz halda bəxt bizim klubların da üzünə gülərdi. Ancaq hər dəfə uduzuruqsa, deməli, başqa faktor var. Bu da psixoloji hazırlıqdı ki, oyunçularımız gərginliyə tab gətirə bilmir.

 

Və sonda. "Zirə"nin məğlubiyyəti acıdır. Hər halda, sona 45 dəqiqə qalmış 2 top öndə olan tərəf qələbə qazanmağa daha yaxın idi. Ancaq qlobal yanaşsaq, "Zirə" irəliyə bir addım atdı. Ötən mövsüm nə futbol, ​​nə nəticə göstərən komanda indiki halda ölkəmizin  əmsalına 0.250 xal əlavə etdi. Rəşad Sadıqov üçün də bu bir ibrət oldu. Təcrübə məhz belə oyunlarda qazanılır. Məsələn, Salifu Sumanın yaşını nəzərə alan rəqib komandanın baş məşqçisi böyük ehtimalla, yetirmələrinə onu təxribata sürükləmək tapşırığı verib. Ancaq ilk oyunun ssenarisinin təkrarlanmamasının obyektiv səbəbi də var. İlk 60 dəqiqədə rəqibi yorub, daha sonra "1-ci nömrə" ilə oynamaq variantı Sumanın qırmızısından sonra qeyri-mümkün idi. Deməli, Sadıqov bu təcrübəni də qazandı ki, oyunda fors-majorlara da hazır olmalısan. Ancaq "Şerif"i yerdən-yerə çırpmaq ki, zəif komandadı... əsla belə deyil. Sadəcə, hər bir komanda rəqibi imkan verdiyi qədər oynaya bilir."Zirə"yə gəlincə isə, qəsəbə təmsilçisinə Konfrans Liqasında azarkeşlik etməkdən başqa variantımız qalmadı...