"Soçi"nin "Parimatç" turnirində oyunlarını izlədik. İlk matçdan artım hiss olundu. Bu turnir rəqibimizin xeyrinə işlədi". Bu fikirləri Sport24.az-a açıqlamasında "Keşlə"nin baş məşqçisi Sənan Qurbanov bildirib.

Təmsilçimizin Konfrans Liqasında rəqibi olan Rusiyanın "Soçi" klubu Moskvadakı turnirdə "Spartak"a 0:4 uduzub, "Ximki"ni 3:2, "Rubin"i 3:1 məğlub edərək yekunda 2-ci pilləni tutdu. Qurbanovun fikrincə, soçililər fərqli məcaralarda inkişaf ediblər: "Heyətdə çox dəyişiklik eləsələr də, oyun sxemində görünən budu ki, qoruyub saxlayırlar. Üç mərkəz müdafiəçisi ilə oynayırlar, bu sxem dəyişməz olaraq qalır. Daha çox "Rubin"lə görüşdə rəqibin cərimə meydançasında pressinq edib topu almağa və üçüncü zonada futbol oynamağa çalışırdılar. Hücum futboluna böyük önəm verirlər. Belə olduğu təqdirdə arxa xətdə boşluqlar olur, çünki mərkəz müdafiəçiləri də bəzən hücuma qoşulurlar. Bu vidoeyazılar bizdə var, futbolçulara göstərməyə çalışırıq. Əlbəttə, rəqibi geniş analiz etmişik, boşluqları var və ondan istifadə eləməyə çalışacağıq".

Qurbanov hesab edir ki, ən əsası, oyun günü yaxşı vəziyyətdə olmalarıdı: "Bu, çox vacibdi. Motivasiyamız ən üst səviyyədə olmalıdı. Futbolçuları buna hazırlayırıq və rəqibin müdafiəsində boşluqlardan yararlanmalıyıq. Özümüz də müdafiədə diqqətli olmalıyıq. Hər iki fazada - həm hücumda, həm də müdafiədə yaxşı olmağa çalışacağıq".

Xatırladaq ki, "Soçi" - "Keşlə" matçı iyulun 22-də keçiriləcək. 

 

MEHMAN SÜLEYMANOV