"Turnir cədvəli baxımından bugünkü oyunun heç bir əhəmiyyəti yox idi. Ona görə meydana maksimum çox akademiyamızın futbolçularını buraxıb, onların potensialını görmək istədik. Bu gəncləri həm komandamıza, həm də ölkə futboluna qazandırmaq istəyirik. Sevinirik ki, bu gün "Səbail" kimi güclü komanda qarşısında yetirlərimizin ayağı əsmədi, qorxmadılar və sonadək mübarizə aparıb qələbə qazandıq. Bu gələcəyə nikbin baxmağa imkan verir". Bu sözləri Sport24.az-a açıqlamasında "Qəbələ"nin idman direktoru Səbuhi Səfiyarlı vurğulayıb.


Klub rəsmisi "qırmızı-qaralar"ın elitada qalmasına güzəştdən və klubun gələcək planlarından da danışıb: "Komandamıza güzəşt edilib-edilməyəcəyi haqqında nəsə deyə bilmərəm. Bizim hazırda A planımız I Liqaya hazırlaşmaqdı. Qarşıdakı 3 turda da gənclərimizə maksimum şans verib, onların təcrübə qazanmasınını istəyirik. I Liqada çempionat sentyabrda başlayır. Odur ki, yetəri qədər vaxtımız var və bundam səməri istifadə etməliyik. Təbii ki, aşağı liqada daha yaxşı nəticə qazanıb yenidən elitaya qayıtmağı hədəfləyəcəyik. Heyətimiz böyük dəyişiklərin olması qaçılmazdı. Hazırkı legionerlər olmasa da, gəlmə futbolçuların xidmətində maraqlı olacağıq. Amma daha çox əvəzedici komandanın yetirmələrinə güvənəcəyik".

 

Qeyd edək ki, ölkə kubokunun son qalibi hazırda turnir cədvəlinin sonuncu pilləsində qərarlaşıb. Bölgə təmsilçisinin elitanı tərk edəcəyi artıq rəsmiləşib.

ABDULLA İSMAYILOĞLU