"Dünya çempionatı başlayandan bəri bir sıra sensasiyalı nəticələr qeydə alınıb. Buna görə də əvvəlcədən favorit hesab olunan komandaların mütləq qələbə qazanacağını söyləmək çətindir". Bu sözləri Sport24.az-a açıqlamasında Samir Əliyev deyib.

Təcrübəli mütəxəssis futbol üzrə dünya çempionatında 1/16 final mərhələsinin İngiltərə – Konqo DR, Belçika – Seneqal və ABŞ – Bosniya və Herseqovina qarşılaşmalarından gözləntilərini bölüşüb:

"İngiltərə – Konqo DR qarşılaşmasının favoriti britaniyalılardır. Düşünürəm ki, ingilislər bu oyunda qalib gələrək növbəti mərhələyə vəsiqə qazanacaqlar. Belçika – Seneqal görüşündə isə şansları bərabər qiymətləndirirəm. Seneqal kifayət qədər güclü komandadır və heyətində Avropanın aparıcı klublarında çıxış edən futbolçular var. Belçika da təcrübəli kollektivdir. Komandanın əsas oyunçuları uzun illərdir birlikdə çıxış edir və bir-birilərini yaxşı tanıyırlar. Mən bu qarşılaşmada Belçikaya azarkeşlik edəcəm. Çünki heyətdə yer alan bəzi futbolçular üçün bu, son dünya çempionatı ola bilər. ABŞ – Bosniya və Herseqovina cütündə isə favorit meydan sahibləri hesab olunur. Amerikalılar son illərdə ciddi inkişaf yolu keçiblər və bunu nəticələri ilə də sübut edirlər".

Qeyd edək ki, İngiltərə – Konqo DR oyunu Bakı vaxtı ilə saat 20:00 başlayacaq. Gecə saat 00:00-da Belçika – Seneqal matçı start götürəcək. İyulun 2-də gecə saat 04:00-da ABŞ millisi Bosniya və Herseqovina ilə üz üzə gələcək.