Ötən tur qızıl medallar uğrunda mübarizə aparan “Neftçi” səfərdə “Keşlə”ni 3:0 məğlub etməklə çempionluq iddiasını davam etdirdi. “Ağ-qaralar”ın əsas rəqibi “Qarabağ”ın evdə “Zirə”ylə matçda xal itirməsi isə (1:1) futbol azarkeşlərinin çempionatın son turunda “qızıl oyuna” şahidlik etmə ehtimalını xeyli artırdı. Liderden cəmi 1 xal geri qalan “Neftçi”nin baş məşqçisi Samir Abasov Sport24.az-a verdiyi müsahibədə ənənəvi səmimiliyi ilə seçildi.

- Qələbə tribunadan necə görünürdü?
- Qələbə harda olur olsun, xoşdur. Təki qələbə olsun. Bir az çətin görünürdü. O mənada ki, meydanda olsaydım, oyunçularım konsentrasiya baxımından özlərini daha yaxşı hiss edərdilər. Bu baxımdan axsama var idi. Buna baxmayaraq, dediyim kimi, əsas qələbədir.

- Oyundan razı qaldınız?
- Həmin gün oynanıla biləcək oyun elə o idi. Bunu da belə izah edim ki, "Keşlə" əvvəlki oyunda (red: kubok oyunu nəzərdə tutulur) 120 dəqiqə oynamışdı. İlk oyundakı məğlubiyyətdən sonra təzyiq altında idilər və cavab oyununda psixoloji, mənəvi baxımdan da həmin qələbə ilə təzyiqdən çıxmışdılar. Lakin yenə də yorğun idilər. Onlara qarşı isə həddindən artıq sakit oynamalı idik. Qol anını gözləyib yaxalamalı idik. Demirəm yaxşı, amma ən düzgün oyunu oynadıq.

- Kənardan "Neftçi" ağır görünürdü. Belə başa düşdüm ki, bu taktiki gediş idi?
- Taktiki gedişdən əlavə meydanın sintetik olmasının, oyunun başlama saatındakı havanın da təsiri var idi. Oyunçularımızın oruclu olmaqlarının da həddindən artıq təsiri var idi. Təsirlər çox idi. Buna baxmayaraq, dediyim kimi, düz oynamağımız və nəticə. Əsas nəticədir. Buna görə də qələbə qazandıq.

- Hesab edirsiniz ki, ilk yarıda hesab açılmasaydı belə, "Neftçi" həmin aram oyunu ilə sonda yenə də qələbə qazanacaqdı?
- Düşünürəm ki, bəli, belə də olacaqdı. Oyundan əvvəl də demişdik ki, olduqca təmkinli, sakit oynayıb qol anını gözləyək. Sadəcə, öz oyunumuzu oynamalı idik. Məsələn, bəzi oyunlarda irəli atılırdıq, müəyyən taktiki gedişlər edirdiksə, bu matçda bunları etməməli idik. Bəli, baxımlı, göz oxşayan, sürətli oyun deyildi. Lakin, yenə deyirəm, 120 dəqiqə təzyiq altında oynamış komandaya qarşı həddindən artıq ağıllı, düzgün oynamalı idik ki, nəticə olsun və biz də həmin nəticəni qazandıq.

- Oyunun ertəsi gün sizin üçün daha bir xoş xəbər əsas rəqibiniz - "Qarabağ"ın xal itirməsi oldu. Bu nəticə planlarınızda dəyişikliyə səbəb oldu?
- Bu xəbər mənim üçün bir o qədər də sürpriz olmadı. "Zirə" elə komandadır ki, mən hər zamankı kimi onlardan yaxşı nəticə, hətta oyunu udmaqlarını belə gözləyirdim. Baş məşqçilərini tanıyıram. Xasiyyətini bilirəm. Ona görə də "Qarabağ"a çətin olacağını bilirdim. Hər iki komanda da kubokda 120 dəqiqə mübarizə aparmışdılar. Yorğun idilər. Bu baxımdan da şanslar bərabər idi. Nəticə mənim üçün təsadüfi deyildi. Sadəcə, "Qarabağ"ın xal itirməsi bizə şans yaratdı ki, qarşıdakı oyunlarda nələrsə fikirləşək. Bu baxımdan ki, son tura qədər xal itirsəydik bizim üçün çempionluq ümidləri də bitə bilərdi. İndi isə qarşıdakı iki oyundan birində heç-heçə etsək belə, son turdakı oyun üçün nəfəsimiz qalır.

- Son tura qədər 1 ya 3 xal fərqin olması bir o qədər də önəm daşımır. Bu mənada ki, 28-ci turda qələbə qazansaz, çempion olursunuz. Bu baxımdan 27-turda "Sumqayıt"a qarşı oyunda ehtiyatlı olub "final"ı gözləyəcəksiniz, yoxsa "mütləq qələbə qazanaq" deyib "Qarabağ"ın xal itirməsinə ümüd edəcəksiniz?
- Məncə, biz hadisələri qabaqlayırıq. "Sumqayıt" oyunundan əvvəl və ondan daha çətin "Səbail"lə görüş var. Həmin oyunda meydança amili var. Həddindən artıq rahat oynayan rəqib var. Onlarla son oyunlarımıza baxsaq, görərik ki, qalib gəlsək də, hissələrə nəzərən deyə bilərəm ki, bir hissə "Səbail" yaxşı oynayıb, bir hissə biz. Yəni bərabər oyunlar olub. Hadisələri qabaqlamayaq. Məqsədimiz əvvəlki hər oyunda olduğu kimi, yenə də qələbə qazanmaqdır. Heç-heçə düşünə bilmərik. Məlum məsələdir ki, qarşıdakı iki oyundan birində olacaq heç-heçə bizi son tura saxlayır, amma ötən tur "Qarabağ" xal itirməsəydi bizi heç-heçə də qane etməyəcəkdi.

- "Səbail"lə oyundan söz düşmüşkən, onlara qarşı son səfər oyununu da xatırlayaq. Həmin oyunda hesabda geri düşsəniz də, sonra "Buqrin şou" izlədik və qələbə qazandınız. Buqrin "Keşlə" ilə oyunu buraxdı. "Səbail" oyunu öncəsi bu ona fiziki olaraq yaxşı istirahət idi. Psixoloji olaraq necə? Növbəti oyunda da həmin Sabiri izləyə bilərik?
- Xoş olan məqam odur ki, komandada hamı həftə sonu olacaq oyunu gözləyir. Buqrinə gəldikdə isə son oyunlar da göstərirdi ki, o dincəlməlidir. Qismət elə gətirdi ki, bu oyunda dincəldi. Məncə bunun bizə çox xeyri olacaq. Təsəvvür edin ki, planlaşdırırsan ki, oyunçuya istirahət verəsən, amma risk etmirsən ki, birdən uduzdum? Belədə, peşman olar adam. Cəzalı olması isə bizim də işimizi yüngülləşdirdi.

- Həmin sarı planlı deyildi?
- İnanın səmimiyyətimə, o qədər təzyiq var ki, elə bir plan heç ağlımıza da gəlməyib. Biz ümumiyyətlə, elə planlar qurmuruq.

- Samir Abasov məşqçilik karyerasında medal görməyib. Nəzərə alsaq ki, gümüş artıq "cibdədir", qızılın da işartıları görünür. Bu hal şəxsən sizə necə təsir edir? Gümüşə də şükr, ya qızıl?
- Açıq deyim ki, başqa komandada olsaydım, elə bu gümüşə artıq çox sevinırdim. "Neftçi" isə elə komandadır ki, gümüş qazandığımı da başa düşmürəm. İndi siz deyirsiniz və anlayıram ki, gümüş qazanmışam. "Neftçi"də fərqlidir. Gümüş yada düşmür. Allah etməsin, çempion ola bilməsək, gümüş heç yada da düşməyəcək. Başqa komandada isə gümüş medal xəbəri nəticə olaraq hər yerə yayılmışdı artıq. "Neftçi"də isə bu keçmir.

- Belə başa düşdüm ki, sizin üçün hədəf çempionluqdur və başqa əyarlı medal nəticə sayılmayacaq...
- Mənim üçün də, "Neftçi" üçün də bu şans var. Sadəcə olaraq biz hər zaman reallıqdan qaçırıq. Problem də bundadır. Mən hər zaman fikirləşirəm ki, məqsədlər mövsümün gedişində, sonunda qoyulmur. İlin əvvəlindən məqsəd qoyulur və hamı bilir ki, hədəf, məqsəd nədir. Bu gün bizdə çempionluq məqsəd deyil, sadəcə, şansdır. Bu şans düşüb və bundan istifadə etməyə çalışacağıq.

 

 

CEYHUN ƏLİYEV