Misli Premyer Liqasının VII turunun "Zirə" – "Neftçi" oyunundan (2:2) sonra qnoaq komandanın baş məşqçisi Samir Abasov jurnalistlərin suallarını cavablandırıb. Sport24.az xəbər verir ki, mütəxəssis əvvəlcə görüşlə bağlı fikirlərini bölüşüb…
– Komandamla qürur duyuram. Düzdür, oyuna yaxşı başlaya bilmədik. Rəqibimiz həddindən artıq çətin və sərt idi. Hər an oyunu çevirə biləcəyimizlə bağlı hiss var idi. Bunu da etdik. Futbolçular əzmkarlıq göstərdi. "Neftçi"yə irad tutulan ruhu qaytara bilmişik. Bu gün futbolçulardan həddindən artıq razıyam. Çoxdandır, "Neftçi"də belə ruh yox idi.
– Qapıya zərbələrdə dəqiqlik yaxşı deyildi. Bununla bağlı işlər görülür?
– İşlərimiz var. Oyunlarımız dramatik keçir. Fikirləşirəm ki, bundan öncə də oynadığımız oyunlarda da favorit biz idik. Bəli, problemlərimiz var və bunu da aradan qaldıracağıq, qollar vuracağıq. Texniki məsələlər üzərində də işləyirik.
– Penalti epizoduna VAR yalnız şəkilə baxaraq, qərar verdi… "Neftçi"yə qarşı qərəz var?
– Hakim görünməyən VAR-dan penalti çıxartdı. Bu gün qələbəmiz mümkünsüz görünürdü. 4-cü hakimə dəfələrlə yalvardım, dedim, sənə qurban olum, epizodlara baxdır. Dedi ki, narahat olma, deyirəm. Deyirəm, yanımda de, dedi demişəm. Oyundan sonra hakimə yaxınlaşdım ki, Alesionun epizoduna niyə baxmadın? Dedi ki, mənə deyilməyib… Biz yaxşı "Neftçi" olacağıq, kiminsə şübhəsi olmasın. Yaxşı "Neftçi"nin olması qorxusu var çoxlarında. Komandamla bunu aradan qaldıracağıq.