"Dramatik bir oyun idi. Həm də çempionluğa bərabər oyun. Düşünürəm ki, azarkeşlər zövq aldılar". Sport24.az xəbər verir ki, bu sözləri Sport24.az-a açıqlamasında Şahin Diniyev bildirib.
Təcrübəli mütəxəssis ötən gün keçirilən "Qarabağ" - "Sabah" matçı haqda fikirlərini bölüşüb:
"Uzun müddətdir çempionluq uğrunda bu qədər prinsipial və həyəcanlı mübarizə izləmirdik. Mövsümün sonuna doğru istənilən komanda hətta autsayderlərə qarşı matçlarda belə, xal itirə bilər. Ağdam klubu Çempionlar Liqasının son səfər matçından sonra keyfiyyətli futbol nümayiş etdirdi və yorğun təsir bağışlamadı. "Sabah" sürət baxımından "Qarabağ"ı üstələdi. Masazır təmsilçisi 0:3-dən sonra qələbəyə tez inandı. Bu mənada "Qarabağ" təzyiqini daha da artıraraq "Sabah"ı çətin vəziyyətə saldı. Məncə, hesab oyuna görə oldu".
Qeyd edək ki, Tofiq Bəhramov adına Respublika stadionunda baş tutan "Qarabağ" - "Sabah" matçı 3:3 hesabı ilə yekunlaşıb.