"Ümumilikdə maraqlı və keyfiyyətli oyun izlədik. Hesab "Orhus"un xeyrinə olsa da, düşünürəm ki, "Sabah" nəticədən başqa demək olar ki, heç bir komponentdə rəqibindən geri qalmadı". Bu sözləri Sport24.az-a açıqlamasında Şahin Diniyev deyib.
Təcrübəli mütəxəssis "Sabah"ın "Orhus"a qarşı keçirdiyi UEFA Çempionlar Liqasının III təsnifat mərhələsinin oyunu barədə fikirlərini bölüşüb:
"Xüsusilə ikinci hissədə təmsilçilmiz daha inamlı təsir bağışladı, topa nəzarəti ələ aldı və oyunun tempini müəyyənləşdirən tərəf oldu. Məncə, "Orhus" gənc və perspektivli komandadır, lakin bəzi məqamlarda təcrübə çatışmazlığı hiss olunurdu. "Sabah" isə fasilədən sonra sürəti artıraraq rəqibi öz cərimə meydançasına sıxışdırmağı bacardı və bir neçə təhlükəli vəziyyət yaratdı. Komandanın həm fiziki, həm də taktiki baxımdan yaxşı durumda olduğu göründü. Səfərdə 2:1 hesablı məğlubiyyət mənfi nəticə sayılsa da, bunu uğursuz nəticə kimi qiymətləndirməzdim. Çünki "Sabah"ın nümayiş etdirdiyi oyun ümidverici idi. Əgər komanda cavab görüşündə də eyni oyun intizamını və tempi qoruyarsa, öz meydanında mərhələni adlamaq üçün kifayət qədər real şansa sahib olacaq".
Qeyd edək ki, "Orhus" - "Sabah" qarşılaşması Danimarka təmsilçisinin 2:1 hesablı qələbəsi ilə bitib. Komandalar arasında cavab matçı avqustun 11-də, saat 20:00-da Masazırdakı "Bank Respublika Arena"da təşkil olunacaq.