"Birinci dövrədən sonra 12 komandanı 4 yerə bölmək olar". Bu sözləri Sport24.az-a açıqlamasında Şahin Diniyev deyib.

Təcrübəli mütəxəssis Misli Premyer Liqasının birinci dövrəsini dəyərləndirib:

"İlk növbədə "Qarabağ" qeyd etmək lazımdır. Ağdam təmsilçisi heç şübhəsiz ki, çempionluğa oynayır və bu yolda inamla addımlayır. İkinci qrup avrokuboklara vəsiqə uğrunda mübarizə aparan komandalardır. Bu siyahıya "Araz-Naxçıvan"ı, "Zirə"ni, "Sabah"ı və "Neftçi"ni daxil etmək olar. Bəlkə də ora "Sumqayıt"ı da əlavə etmək mümkündür. 3-cü qrupa aid olanlarlar isə ortabablardır. Onların demək olar ki, heç bir iddiası yoxdur. Nə elitanı tərk edəcəklər, nə də avrokublar arzusundadırlar. Bunlar "Şamaxı" və "İmişli"dir.

Və nəhayət 4-cü qrup ki, burda autsayderlər qərarlaşıb. Bunlar "Qəbələ", "Karvan-Yevlax" və "Kəpəz"dir. Mövsümün əvvəlində "İmişli"ni autsayderlər arasında görürdülər. Onlar əksinə ortabab komanda oldular. Bir də "Turan Tovuz"un lider mövqeyində yer alması bəlkə də gözlədiyimizdən artıq oldu. Bu iki komanda çıxışı ilə futbol ictimaiyyətini təəccübləndirə bildi".

Qeyd edək ki, ilk dövrədə "Sabah" - "Qarabağ" matçı təxirə salınıb.